YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyimizin qorunub saxlanması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması, təməllərinin möhkəmləndirilməsi, inkişafı, tərəqqisi, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi əvəzsiz xidmətləri, qətiyyətli fədakarlığı, dönməz mübarizliyi barədə danışmaq yetərsizdir. Çünki Ulu Öndərin atdığı hər bir tarixi addımı bilavasitə bir amala - Azərbaycan dövlətinin və xalqının müstəqillik məfkurəsinin yaradılmasına yönəlmişdi. Əbəs deyil ki, bu dahi Şəxsiyyət Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib və biz, bu tarixi məqamların təhlilini apardıqca, hər dəfə yeni şərəf səhifəsini açmış oluruq.

Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı demək olar ki, müqəddəratı həll olunmuş xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz bu dahi Şəxsiyyət – Ulu Öndər Heydər Əliyev oldu. O zaman Ümummilli Liderimiz Moskvada, Kremldə xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qanlı təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri ən sərt şəkildə ittiham etdi, qoşunların Bakıdan çıxarılması tələbini irəli sürərək, bütün dünyaya qanlı yanvar olayları ilə bağlı səs saldı.

Ulu öndər Heydər Əliyev sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də Ulu Öndər Vətənə qayıtmaq istəyirdi.  Ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 22-də doğma torpağa gəlişi ilə insanların sabaha inamını özlərinə qaytardı, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Məhz Naxçıvanda bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatı – Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və məhz Naxçıvanda üçrəngli bayrağımız dövlət rəmzi olaraq qəbul olundu. Ümumiyyətlə, Heydər Əliyevin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrildi. 

Lakin 1993-cü ilə qədər baş verənlərə qayıdsaq, daha dəqiq desək, SSRİ qoşunları Bakıdan çıxarıldıqdan sonra, 1991-ci ilin oktyabrında müstəqillik aktının qəbul olunmasının təhlilini apararsaq, bu dövrə qədər keçilmiş yolun nə qədər əziyyətli, məşəqqətli olduğunu görərik. Çünki əldə edilən müstəqilliyi qoruyub-saxlamaq faktoru həmin dövlərdə ölkəyə rəhbərlik edən hakimiyyətlər tərəfindən ciddiyə alınmamışdı. Xalqımızın uzun illə həsrətində olduğu müstəqilliyi elə ilk illərdəcə çox böyük çətinliklərə, bəlalara düçar oldu. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o dövrdəki naşı hakimiyyətin siyasi səriştəsizliyi müstəqilliyimizi yenidən itirmə təhlükəsi ilə qarşı-qarşısıya qoydu, hətta ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratdı. 

Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. “HEYDƏR XALQ-XALQ HEYDƏR!” tarixi şüarı də məhz o məqamlarda Azərbaycan xalqının birmənalı şüarına çevrildi. Nəticədə bu şüar bir reallığa çevrildi və onun qarşısının alınmasına yönəlmiş bütün cəhdlər darmadağın edildi - 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin Naxşıvandan Bakıya gələrək, yenidən hakimiyyətə qayıdışı müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində çətin işləri həyata keçirməyə başladı və bütün bunlar əməli şəkildə reallaşdırıldı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı. Məhz bu siyasətin həyata keçirilməsi ilə dahi Şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin əbədi ideyaları hər birimizin qəlbində yaşamaqdadır. Eyni zamanda, bu ideyalar məhz Onun layiqli davamçısı, siyasi varisi, Prezident cənab İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə və məqsədyönlü şəkildə davam etdirilməkdədir.

DİGƏR Xəbərlər Arxiv