YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. İki ölkə arasında olan dostluq və qardaşlıq tarixin bütün sınaqlarından keçərək bu günümüzə qədər davam etməkdədir.

Ulu öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə”.

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə, beynəlxalq arenalarda daim Türkiyənin haqq işini dəstəkləyir.

Strateji müttəfiqlik əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir. 

Məlum olduğu kimi, 15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Şuşa Bəyannaməsi” imzalanıb.  Tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib.

Prezident cənab İlham Əliyevin ötən günlərdə Türkiyəyə işgüzar səfəri iki ölkənin birliyinin növbəti təzahürüdür. Azərbaycan və Türkiyə Prezidentləri Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

Səfər zamanı ölkə başçımız qeyd edib ki, biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər qardaş Türkiyə xalqı bizim yanımızda idi. Azərbaycan xalqı bu qardaşlığı heç vaxt unutmayacaq.

Azərbaycan-Türkiyə Prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı – dünyada, regionda və ölkələrimizdə sülhün, təhlükəsizliyin inkişafın və həmrəyliyin qarantıdır. Türkiyə–Azərbaycan bayraqlarının və ordularımızın birliyi müstəqil dövlətlərimizin qardaşlıq və həmrəyliyinin əbədiyyət rəmzidir. Azərbaycan–Türkiyə birlik və həmrəyliyi dostlarımız üçün qürur mənbəyi, düşmənlərimizə göz dağıdır.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri həqiqətən dünyada bənzəri olmayan münasibətlərdir.

Yaşasın Azərbaycan-Türkiyə birliyi!