YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə - Azərbaycan qadaşlıq münasibətləri regionda sülhün və surətli inkişafın təminatıdır

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də bu ölkəyə işgüzar səfəri iki ölkə arasında qardaşlıq münasibətlərinin növbəti təzahürüdür. Rizə-Artvin Hava Limanının açılış mərasiminin keçirildiyi məkanda Prezident İlham Əliyev böyük çoşqu ilə qarşılanıb. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Prezident İlham Əliyevə Ulu Öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotoları və üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə etdi. İlk olaraq tədbirin aparıcısı Qafqazın ulduzu, Azərbaycanın güclü lideri Prezidenti İlham Əliyev cənablarına söz verdi. Bu təqdimatdan sonra meydanı alqış sədaları bürüdü, “Qarabağ Fatehi” sədaları yüksəldi. Əslində çox qürurverici məqam idi ki, qardaş ölkə vətəndaşları bizim 2020-ci ildə əldə etdiyimiz zəfəri öz zəfərləri kimi qəbul edirlər. Elə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının çıxışında da bu məqam xüsusi olaraq vurğulandı: “Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”. Bu fikirləri bildirməklə Azərbaycan Prezidenti tarixi qələbənin əldə edilməsində qardaş ölkənin mənəvi dəstəyinə görə bir daha xalqımızın minnətdarlığını türk xalqına çatdırdı. “Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Dövlətlərimiz çox böyük sınaqlardan keçib və keçir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətinə biz də sadiqik”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rizə-Artvin Hava Limanının açılış mərasimində dedi. Ataların vəsiyyətinə sadiq olan hər iki dövlət başçısı Şuşa Bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, Türkiyə açıq şəkildə ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, burada söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması ilə bağlı da razılığa gəldi. Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Füzulidə hava limanının sonra Rizə-Artvin Hava Limanının açılışında iki dövlət başçısının birgə iştirakı Türkiyə və Azərbaycan arasında yeni dönəmin başlandığından xəbər verir.