YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda “Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirilib

Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin dördüncü ildönümünə həsr olunub.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.  

Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, ulu öndər Heydər Əliyevin ideyaları və siyasi xətti respublikamızı ağır sınaqlardan qələbə ilə çıxardı və milli dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Ölkəmizdə yaranmış sabit ictimai-siyasi mühit və tərəqqiyə gedən yol Ümummilli Liderin layiqli siyasi varisi olan Prezident İlham Əliyev tərəfindən yüksək işgüzarlıqla daha da genişlənir və inkişaf etdirilir.

Uğurlu siyasətin nəticəsidir ki, xalqımız dördüncü dəfə öz taleyini cənab İlham Əliyevə etibar etdi. Ölkədə güclü siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir, qeyri-neft sektoru genişləndirilir, əhalinin həyat səviyyəsi yaxşılaşdırılır, tikinti-quruculuq işləri davam etdirilir, silsilə tədbirlər keçirilir, ordu quruculuğu ölkəmizin müdafiə qudrətini artırır. Milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, paytaxtımız mötəbər beynəlxalq məclislərin mərkəzi hesab olunur, konfranslara ev sahibliyi edir.

Qeyd olunub ki, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsində ümumi rəhbərliyi həyata keçirərək şanlı ordumuzla qələbəyə nail oldu, Zəfərə imza atdı. Aparılan müdrik daxili və xarici siyasət həmişə öz bəhrəsini verdi. Cari ilin aprelin 6-da Brüssel görüşlərində böyük uğur qazanıldı.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərini zəruri edən amilləri açıqlayıb. O, dörd il bundan öncə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim etdiyini söyləyərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı böyük Zəfərdən bəhs edib. Q.Əliyev əldə olunan bütün nailiyyətlərin kökündə Heydər Əliyev siyasi kursunun və bu kursun ən layiqli davamçısı olan YAP Sədri, Prezident İlham Əliyevin yeritdiyi düzgün xarici və daxili siyasətin dayandığını  qeyd edib.

Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında qeyd edib ki, cənab Prezidentin sayəsində ölkəmiz iqtisadi cəhətdən inkişaf edir, yüksək nəaliyyətlərə qovuşur. Azərbaycan bu gün bölgədə əsas söz sahibidir. Respublikamızda qlobal lahiyələr reallaşır, müdafiə potensialı güclənir. Beynəlxalq aləmdə mövqeyimiz möhkəmlənir, elm-təhsildə yeni informasiya texnologiyaları tətbiq olunur, müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti, sivil və hüquqi dövlət quruculuğu yolunda uğurlu addımlar atan ölkəmiz dünyanın həlledici subyektləri sırasına yüksəlir.

Milli Məclisin deputatı Səbinə Xasayeva cənab Prezidentin gənclərə göstərdiyi diqqət, qayğıdan danışıb, dövlət və gənclər siyasətinin uğurlarını vurğulayıb.