YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqe ortaya qoymalıdır

Aprelin 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər.
Azərbaycanın Avropa İttifaqına üzv olan əksər dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğunu bildirən Elmar Məmmədyarov Aİ ilə də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin əhəmiyyəti qeyd olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların cari vəziyyəti haqqında məlumat verən nazir digər Avropa institutları kimi, Aİ-nin də münaqişə ilə bağlı qəti mövqeyinin ortaya qoyulmasının vacibliyini söyləyib. Mövcud status-kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən Elmar Məmmədarov əlavə edib ki, status-kvonun dəyişdirilməsi və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Elmar Məmmədyarov işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli nəticəsində regional inkişaf üçün yeni imkanların yaranacağını diqqətə çatdırıb.
Ölkəmizdə qanunun aliliyinin təmin olunduğunu bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın ardıcıl demokratik inkişafının davam etdirildiyini bildirib.
Söhbət zamanı tərəflər Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” təşəbbüsünün növbəti sammitinin əhəmiyyətini vurğulayıblar. Həmçinin elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər barədə fikir mübadiləsi aparılıb.