YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasındakı sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır

Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib.

Bu barədə Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubunda bildirilir.

“Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan yəhudi icması, həm İsraildə, həm də dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə öz töhfələrini verməkdədilər”, - deyə dövlətimizin başçısı təbrikində vurğulayır.

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar olduğunun qeyd edildiyi təbrik məktubunda daha sonra deyilir: “İnanıram ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin, səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik”.