YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli liderimiz İlham Əliyevin daha bir diplomatik uğuru

Tahir Tais oğlu Məmmədov

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Yaz, bahar ətirli aprel günəşinin şəfəqləri Azərbaycana xoş müjdəli xəbərlər gətirdi. Təbiətin ən gözəl çağı olan may ayının çiçəklərinin pərvazlandığı bir məqamda dünyaya gələn ulu öndərimiz Heydər Əliyevin ruhunu bir daha sevindirən ölkə Prezidenti İlham Əliyev aprelin 6-da Brüssel səfərində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə uğurlu diplomatik nəticələr əldə etdi.

Qalib və Müzəffər Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü və inadlı danışıqlar Brüssel sülh gündəliyini yaratdı. Bundan əvvəlki üçtərəfli görüş 2021-ci il dekabrın 14- də keçirilmişdi. İndi artıq inamla demək olar ki, 2022-ci il 6 aprel tarixli görüşün uğurlu nəticələrinin əsası o zaman qoyulmuşdur. 4 saat yarımdan artıq davam edən bu üçtərəfli görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı danışıqların başlanması və bununla əlaqədar işçi qrupun yaradılması məsələsi artıq öz həllini tapmışdır. Hər iki ölkənin Xarici İşlər nazirliklərinə bu barədə təlimatlar verilmişdir. Haqqında söz açdığımız möhtəşəm sülh razılaşmasının əsas komponentini Azərbaycanın 4 maddədən ibarət olan təkliflər təşkil edir. Həmin sənəddə əsas yeri Azərbaycanın ərazi bütövlüyü tutur. Bu da ölkəmiz üçün əsas və önəmli məsələdir. Regionda gərginliyin azaldılmasına yol açan razılıq, sərhəd məsələləri ilə əlaqədar birgə komissiyanın yaradılması, əsasən sərhədlərin delimitasiyası, yəni, hər iki qonşu dövlətlər arasında sərhədlərin ümumi mövqelərinin və istiqamətlərinin müəyyənləşməsi prosesinə başlanması barədə razılıq əldə olunmuşdur. Bu da ölkəmiz üçün prioritet məsələlərdən biri hesab olunur. İkincisi, bu problemin həlli sərhədlər boyu gərginliyin aradan qaldırılmasında mühüm rol oynayacaqdır. Burada Avropa İttifaqının obyektiv dəstəyini də qeyd etməliyik. Belə ki, yenilməz, güclü ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, habelə itkin düşmüş insanların axtarılıb tapılması, eləcə də tikinti-quruculuq işlərində Aİ-nin ölkəmizə dəstəyi də gündəmdə və üzdə olan məsələ kimi  öz həllini tapacaqdır. Müasir Azərbaycanın yenilməz Prezidenti İlham Əliyev həmin danışıqlarda humanitar məsələlərə də toxunaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 3890 nəfər soydaşlarımızın haqqında da söz açaraq  kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini vurğulamışdır. Həmin tarixi görüşdə infrastruktur yönündə həyata keçiriləcək birgə iş, əməkdaşlıq, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, yenilərinin yaradılması, dəmir yolu, avtomobil yollarının çəkilməsi, ən asası isə işlək İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması gündəmə gətirilmişdir.

Sevindirici məqamlardan biri də budur ki, həmin sənəddə “Dağlıq Qarabağ” ifadəsi yoxdur. Bəli, Qarabağ Qarabağdır. Dağı ilə Aranı ilə birlikdə. Burada qətiyyətli liderimiz İlham Əliyevin dillər əzbəri olan bir sözü qəlbimizdə əks səda verdi: “Qarabağ Azərbaycandır!”.

Artıq arxivlərin nəmişliyində qalıb çürüyəcək ATƏT-in Minsk qrupu da həmin sənəddə payız xəzəlləri kimi 2022-ci ilin bahar yellərinin qanadlarında uçub yox olmuşdur. APA-nın Moskva müxbiri Rusiya Prezidentinin mətbuat katibi D.Peskova istinadən xəbər verir ki, hətta “Kreml bunu müsbət qiymətləndirir. Anlaşılandır ki, bu olduqca uzun çəkən prosesdir. Lakin belə bir müqavilənin bağlanması istiqamətində əldə olunan irəliləyiş öz-özlüyündə müsbət faktdır və alqışlanır”.
Beləliklə, nüfuzlu beynəlxalq təşkilatın - Aİ-nin  müasir dünyamızdakı nəhəng, siyasi və iqtisadi güc mərkəzinin Azərbaycana və Ermənistana göstərdiyi etimad həm də onu ehtiva edir ki, danışıqlar hər iki ölkənin münasibətlərinin normallaşmasına  xidmət edəcəkdir. Aİ-nin ev sahibliyi ilə keçirilən tədbirdə səmərəli və konstruktiv əməkdaşlığın, yəni mənşəyi, tarixi, məzmunu və nəzəriyyəsi ilə siyasi önəm kəsb edən bu sülh müqaviləsi Azərbaycan Prezidenti İlham Əliyevin regionun lideri olduğunu bir daha təsdiq etdi.

Cənubi Qafqaz bölgəsində sülh və dinc quruculuğun, dayanıqlı sabitliyin bərqərar olmasında mühüm amil kimi qəbul olunan və diplomatik müstəvidə Azərbaycanın qələbəsini danılmaz edən Brüssel görüşləri Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə müdafiə etməsinin parlaq təzahürüdür.