YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaban soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində, Nizami kino mərkəzində Ağdaban soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvləri, Mərkəzi Aparatın əməkdaşları, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Ağdaban soyqırımında canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağdaban soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev erməni daşnakları tərəfindən xalqımıza qarşı törədilmiş faciələrdən söz açıb. Bildirib ki, Ağdaban faciəsi Xocalı hadisələrindən sonra erməni cəlladlarının hələ də türk, azərbaycanlı qanına doymadığının əyani göstəricisidir: “Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Dünya tarixində özünəməxsus rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir”.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri, Ağdaban sakini Cavid Qurbanov isə bildirib ki, Ağdaban soyqırımı bundan sonra da unudulmamalıdır: “Mən gözümü Ağdabanda - Dədə Şəmşir yurdunda açmışam. Ermənilər yurdumuzu, Dədə Şəmşir əlyazmalarını talan etdilər. Mənfur düşmən Kəlbəcəri talaya biləcəyini yoxlamaq üçün Ağdabanda vəhşiliklər törətdi. Bu gün artıq qalib xalqıq, qalib ölkəyik. Vətən müharibəsində həm də Ağdaban soyqırımının qurbanlarının qisası alındı. Bir kəlbəcərli olaraq mən də qürur duyuram ki, doğma yurdumuzu gördük. Atamı vəfat etməmişdən öncə onu o torpaqlara apara bildiyim üçün çox xoşbəxtəm. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqımızın başına gətirilən müsibətlər dünya ictimaiyyətinə çatdırılır və onlara hüquqi-siyasi qiymət verilir”.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev söyləyib ki, Ağdaban sakinlərinin qisasının alınmasında, torpaqların azad olunmasında oğlunun iştirak etməsindən qürur duyur: “Mən oğlumu uşaqlıqdan vətənpərvərlik hissi ilə, milli ruhda böyütmüşəm. Oğlum hərbini seçəndə inanırdım ki, o qəhrəmanlıq göstərəcək. Anar həmişə yurd qisası ilə yaşayırdı və qisasını aldı. Şəhid və qazi ailələri adından bizlərə göstərilən qayğı və diqqətə görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edir və ehtiramımızı bildirirəm”.

Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Şuşaya ilk daxil olan 3 tabordan birinin komandiri Saleh Həsənov çıxış edib. Bildirib ki, bu gün şəhidlərimizin illərlə nigaran qalan ruhu artıq şaddır: “Xocalı cəlladları ilə yanaşı Ağdaban qatillərinin də cəzası döyüş meydanında alındı. 44 günlük Vətən Müharibəsində düşmənə verdiyimiz dərs onları rəzil vəziyyətə qoydu”.