YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Brüssel görüşü bir daha təsdiq etdi ki, Azərbaycan Vətən müharibəsindəki qələbəsini inamla davam etdirir

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Bu günlərdə dünya birliyi Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuruna şahidlik etdi. Ölkə Başçımız cənab İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti ŞarlMişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr müstəqil, qalib Azərbaycan respublikasının regional inkişaf, təhlükəsizlik baxımdan əhəmiyyətinin, dünyada böyük nüfuzunun bir daha qabarıq şəkildə nümayişi oldu. Eyni zamanda, Brüsseldə 4 saat yarımdan artıq davam edən görüş bir daha təsdiq etdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsini inamla davam etdirir.

Əvvəlki görüşlərdə olduğu kimi, Prezident cənab İlham Əliyev Brüsseldə növbəti dəfə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi, regionda davamlı sülhə nail olmaq istəyi müstəqil dövlətimizin mövqeyinin əsasını təşkil etdiyini bir daha bəyan etdi. Görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə Azərbaycanın ərazi bütövlüyü əsas məqamdır. Eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması da qərara alınıb. Avropa İttifaqının minalardan təmizlənmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də danışıqların mövzusu olub. Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT MQ həmsədrlik institutuna istinad yoxdur. Bu, göstərir ki, Prezident cənab İlham Əliyevin regional liderliyini qəbul edən Avropa İttifaqı öz mövqeyində 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığa əsaslanır. Həmçinin münaqişə həll olunduğuna görə ATƏT MQ lazımsız təsisata çevrilib, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.

Ümumiyyətlə, Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilən sülh danışıqları Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün də olduqca mühüm addımdır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşdən sonra verdiyi açıqlamada ikinci üçtərəfli görüş sülh sazişinin imzalanması məsələsinə ümidləri xeyli artırdığını bildirib. Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 təkliflə razılaşmaq məcburiyyətindədir.

Beləliklə, Azərbaycanın növbəti diplomatik nailiyyəti olaraq Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda sülhün bərqərar olmasıdır.