YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüsseldə böyük irəliləyişə nail olundu

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsində həyata keçirilən hərbi əməliyyatların peşəkar səviyyəsi, tətbiq edilən innovativ silahların qüdrəti ilə dünyanı heyran qoyan Azərbaycan bu gün də apardığı bərpa-quruculuq proseslərinin sürəti, miqyası ilə hər kəsi heyrətləndirir. Dünya gücləri, qoca Avropa da bunun fərqindədir. Qərbdə aydın təsəvvür yaranıb ki, Azərbaycan döyüş meydanında qazandığı qələbəni diplomatik sahədə və xarici siyasətdə də möhkəmləndirəcək.

Ölkə başçısının düşünülmüş, ardıcıl, necə deyərlər, ölçülü-biçili gedişləri, geosiyasi maraqların milli mənafe baxımından təmin edilməsi və praqmatik siyasətə üstünlük verməsi Azərbaycanı diqtə edən tərəfə çevirdi. Brüssel görüşündən gözləntilərimiz özünü doğrultdu. Zaman sübut elədi ki, cənab Prezident İlham Əliyev həm müzəffər Ali Baş Komandan, həm də uzaqgörən diplomatdır. Onun ötən müddətdə uğurlu xarici siyasəti, müxtəlif siyasi gedişləri və zamanın nəbzini, dəyişən dünyanın reallıqlarını vaxtında duyması və siyasətini bu yöndə qurması bizə daha bir uğur qazandırdı. İndi hamı birmənalı şəkildə qəbul edir ki, Ermənistanı reallıqlarla barışmağa məcbur edən cənab İlham Əliyevin ardıcıl və qətiyyətli mövqeyi olmuşdur.

Müharibə zəfərlə başa çatdıqdan sonra imzalanmış üçtərəfli bəyanatın müddəalarının ardıcıllıqla yerinə yetirilməsi tələbi və Azərbaycanın öhdəliklərinə sadiqliyi dünya güclərində ölkəmizə, onun liderinə sayğını və diqqəti artırmaqla yanaşı, İlham Əliyevin praqmatik siyasətçi və dünya düzənində reallıqları qəbul edən dövlət başçısı kimi imicinin formalaşmasında böyük rol oynadı. Ermənistandan fərqli olaraq Azərbaycanın daha ardıcıl mövqeyə malik olması, Avropa dəyərlərinə üstünlük verməsi və Avropanın enerji təhlükəsizliyində faydalı tərəfdaş olması bizim mövqeyimizi gücləndirdi. Məhz bu güclü əllə Brüssel görüşünə yollanan cənab İlham Əliyev döyüşdə qazanılmış uğurları diplomatiya sahəsində də davam etdirdi. Görüşün nəticələri diplomatik qələbə olmaqla yanaşı, dövlət başçımızın dünyada nüfuz göstəricisi baxımından rasional-lider kimi qəbul edilməsini təsdiqlədi. Gələcək sülh müqaviləsinin hazırlanması üçün danışıqların başlanması və işçi qrupunun yardılması məsələsində razılıq əldə olunması Böyük Sülhün başlanğıcı kimi dəyərləndirilməlidir. Ermənistan rəhbərliyinin fakt qarşısında qalması və reallıqları qəbul etməsi regionun gələcək inkişafında böyük rol oynayacağını göstərir.

Ümumiyyətlə, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Danışıqlar zamanı tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq. Ərazi bütövlüyümüzün tanınması fonunda nəqliyyat-komunikasiya xətlərinin açılması, sərhədlərin demarkasiyası ilə yanaşı İqtisadi Məşvərət Şurasının yaradılması barədə razılıq regionun gələcək inkişafını şərtləndirəcək amillərdən biridir.

Nəhayət ki, regiona ədalətli sülh gələcəyinin ilkin işartıları görünməyə başlayıb. Avropa İttifaqı bu addımı ilə özünün tərəfsiz və qərəzsiz mövqeyini sərgiləməklə yanaşı, xalqlara sülh istəyinin reallığa söykəndiyini sübut etdi. Beləliklə, ATƏT-in Minsk qrupu da, “Dağlıq Qarabağ” və “status” anlayışları da tarixin arxivinə göndərildi. Yeni geosiyasi reallıqların diqtə etdiyi şərtlərin qəbul edilməsi Azərbaycanın diplomatik qələbəsini təmin etdi. İlham Əliyevin uzaqgörən siyasəti öz sözünü dedi və bir liderin ağıllı, praqmatik fəaliyyətinin nəyə qadir olduğunu sübut elədi.