YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Seyid İbrahim Rəisi: İran Azərbaycanla ikitərəfli, regional və beynəlxalq əməkdaşlığı dərinləşdirməyə hazırdır

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında birgə tarixi, mədəni, dini əlaqələrin mövcud olduğunu nəzərə alaraq, ölkələrimiz ötən il ərzində xalqlarımızın və hər iki dövlətin siyasi rəhbərliyinin iradəsi sayəsində qarşılıqlı hörmətə əsaslanan səmimi əlaqələr və mehriban qonşuluq münasibətləri təcrübəsini yaşamışlar.

Bu fikir İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alır.

Təbrikdə daha sonra deyilir: “Xoşbəxtlikdən ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr, eləcə də nəqliyyat, energetika, mədəniyyət və bu kimi digər sahələr üzrə münasibətlər hazırda inkişaf tendensiyasındadır və son günlər ərzində Sizin ölkənizdə keçirilmiş İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclası bunu təsdiqləyir.

Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini ikiqat artırır. Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq, gələcəkdə daha da inkişaf edəcəkdir. İran İslam Respublikası bu istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycan Respublikası ilə öz münasibətlərini bütün sahələrdə genişləndirməyə müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu bildirir”.

Prezident Seyid İbrahim Rəisi qeyd edir ki, texniki, mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala malik olan İran şirkətləri Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə hazırdırlar.