YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa şəhərinin inkişaf tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Doğulduğum, böyüdüyüm şəhərin, Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtının 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi biz şuşalılar üçün böyük bir qürur mənbəyidir. Əbəs yerə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Şuşada sənətkarlığın və incəsənətin müxtəlif sahələrinin inkişafı nəinki Azərbaycanın Qarabağ bölgəsinin, bütövlükdə ölkəmizin tərəqqisində mühüm rol oynayıb, şöhrətinə şöhrət qatıb. Şuşa Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş görkəmli şəxsiyyətlərin yurdudur. Şübhəsiz, bu qərar türk, bütövlükdə İslam dünyasının tarixi şəhərimiz olan Şuşaya böyük marağından, həm də məhəbbətindən irəli gəlir.

Əslində Şuşa şəhərinin inkişaf tarixi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq, şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksi, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq, ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi.

1980-1981-ci illərdə Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məzarı üstündə məqbərə tikilmişdi. Məhz 1982-ci il yanvarın 14-də Ulu Öndər Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Çünki Ümummilli Lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Məhz bu səbəbdən Ali Baş Komandan İlham Əliyev düşmən tapdağından azad ediləndən sonra bu qədim şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etdi.

Bu gün Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı, dəstəyi ilə həyata keçirilən böyük mədəniyyət layihələri, quruculuq, təmir-bərpa işləri dağlar incisinin öz ruhuna, öz gözəl dünyasına dönməsini təmin etməkdədir. Bu ilin davamı olaraq 2023-cü ildə də silsilə tədbirlər keçirməklə, Azərbaycanın mədəniyyət nümunələrini daha geniş ictimaiyyətə, türkdilli ölkələrin auditoriyasına çatdıracağıq. Bununla da türk dövlətləri ilə gələcək birgə fəaliyyətimizi müəyyənləşdirəcəyik.

Şuşa ilində Şuşa ilə bağlı belə xoş xəbər eşidərkən, bir daha Vətənimiz uğrunda canını qurban verən şəhidlərimizi dərin ehtiramla anır, yaralı qazilərimizə şəfa diləyirik. İnanırıq ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa yeni fəxri statusunu öz qüruruna, zəngin tarixi, mədəni ənənələrinə uyğun şəkildə doğruldacaq.