YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşən Məmmədəliyev: Son illər pensiya və müavinətlər sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərin sayı artıb

«Son illər pensiya və müavinətlər sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərin sayı artıb. Dövlət Sosial Müdafiə Fondu informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə sığorta pensiya sahəsində bütün mövcud proseslərin avtomatlaşdırılmasını təmin edib. Yəni, həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi avtomatlaşdırılıb». Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev deyib.

E.Məmmədəliyev bildirib ki, sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin elektron formada təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında  sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş, avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır. Onun sözlərinə görə, sığortaolunanların elektron məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılan fərdi şəxsi hesabında illər üzrə toplanan pensiya kapitalına nəzarət etmək imkanı yaradır. Bu da sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işə götürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım edir, həm də avtomatlaşdırılmış pensiya təminatının reallaşdırılmasını təmin edir.

«Fondun “Çağrı mərkəzi”” vasitəsilə avtomatlaşdırılmış pensiyası təyinatı sayəsində  pensiya yaşına çatan vətəndaşa 190-0 nömrəsinə zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını ala biləcəyi müvəkkil bank şöbəsinin ünvanı haqqında dərhal məlumatlandırılır. Bütün bu proses cəmi bir neçə dəqiqə vaxt aparır. Burada bir məqamı xüsusi ilə qeyd etmək istərdim ki, müraciət edən bəzi şəxslərə 2006-cı ilədək əmək  stajları barədə məlumatları Fondun orqanlarına təqdim etməmələri səbəbindən avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmur. Biz bu barədə dəfələrlə məlumat vermişik və bir daha vurğulamaq istərdim ki, buna görə vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusən maraqlı olmalıdırlar. Ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu tərəfindən kifayət qədər maarifləndirmə işi aparılır»- deyə, şöbə müdiri vurğulayıb.