YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatında “20 Yanvar qan yaddaşımızdır” adlı tədbir keçirilib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar YAP Tərtər rayon təşkilatında “20 Yanvar qan yaddaşımızdır” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə 20 Yanvar faciəsində və Qarabağ uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Tərtər rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Ramiz Şabanov tədbirdə “20 Yanvar qan yaddaşımızdır” mövzusunda geniş məruzə ilə çıxış edib. O bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycana ərazi iddiaları ilə çıxış edən Ermənistanın məkirli niyyətinə qarşı öz səsini ucaldan Azərbaycan xalqını susdurmaq məqsədilə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun bilavasitə göstərişi ilə törədilmiş bu dəhşətli cinayət bəşəriyyətə qarşı yönəlmiş qatı cinayət əməli idi. Tərkibində ermənilərin də olduğu hərbi birləşmələr uşaq, qadın, qoca demədən, qarşılarına çıxan hər kəsi gülləbaran edir, zirehli texnikaların tırtılları altında əzərək məhv edirdilər. O dövrdə Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciəyə heç bir qiymət verilməmiş, cinayəti törədənlərə qarşı o vaxtkı ölkə rəhbərliyi tərəfindən adi bir irad da tutulmamışdı. Azərbaycan tarixinə qanlı 20 Yanvar kimi daxil olan bu hadisəyə siyasi qiymət yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilib.

R.Şabanov deyib ki, bu qanlı faciənin törədilməsindən 32 il keçsə də, hər bir Azərbaycan vətəndaşı tariximizdən ibrət dərsi alaraq, müxtəlif zamanlarda başımıza gətirilən bəlaların mahiyyəti, məqsədi, niyyətləri barədə bu günkü və gələcək nəsilləri məlumatlandırmağa borcludur.

Tədbirdə gənc fəal Mehdi Səfərov, “Təhsil” ərazi partiya təşkilatının sədri İntiqam Nuruyev, şəhər 2 saylı məktəb-liseyin müəllimi Sevinc Tağıyeva və Səhləbad ərazi partiya təşkilatının sədr müavini Səbuhi İbrahimov çıxış edərək qan yaddaşımız olan 20 Yanvar faciəsinin xalqın azadlıq mübarizəsində mühüm əhəmiyyət kəsb etməsindən danışıblar.