YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq müstəvidə etibarlı və strateji tərəfdaşdır

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi və müsahibə zamanı səsləndirdiyi çox əhəmiyyətli fikirlər istər ölkəmizdə, istərsə də bölgəmizdə və dünyada vaş verən hadisələrə əsaslandırılmış arqumentlərdir. Xüsusilə dövlətimiz və xalqımız üçün taleyüklü məsələlərdən biri olan və dövlətçilik tariximizdə daim qürurla xatırlanacaq Vətən müharibəsindəki parlaq qələbəmiz regionun geosiyasi mənzərəsini dəyişməklə yanaşı, tarixi, siyasi ədaləti bərpa etmiş oldu.

30 ilə yaxın idi ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və misli görünməmiş vandalizm aktlarına məruz qalan tarixi torpaqlarımızdakı real vəziyyətə dünya seyrci qalırdı. Azərbaycan etibarlı tərəfdaş və bütün beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə sadiq qalaraq bu illər ərzində münaqişənin sülh yolu ilə həllinə çalışmış, danışıqlar prosesində daim fəal iştirak etmişdir. Dünyadakı bütün problem və münaqişələrin dinc yolla həllində maraqlı olan və siyasi, hərbi qarşıdurmaların dünyamıza gətirdiyi fəlakətlərdən dəfələrlə danışan dövlətimizin başçısı öz sülhpərvər mövqeyini daim qətiyyətlə bəyan etmişdir. Lakin təəssüflə bildirməliyik ki, 30 ilə yaxın idi ki, davam edən bu konstruktiv mövqe dünya və işğalçı Ermənistan tərəfindən lazımınca dəyərləndirilə bilmədi və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına əsaslı manelər yaradıldı.

Lakin Azərbaycan öz qətiyyətli mövqeyini və siyasi iradəsini nümayiş etdirərək öz tarixi torpaqlarını işğaldan azad etməyə və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təkbaşına yerinə yetirməyə qadir olduğunu bütün dünyaya göstərdi. Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Azərbaycanın torpaqlarını azad etməsi, Ermənistanı ağır məğlubiyyətə uğratması regionda yeni geosiyasi mənzərənin yaranmasına və ölkələr arasında qarşılıqlı münasibətlərin daha da inkişaf edərək bölgədə dünya miqyaslı iqtisadi və siyasi layihələrin reallaşdırılmasına zəmin yaratmış oldu.

Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Amma rəsmi İrəvan öz acı məğlubiyyətini pərdələmək və Rusiyanı müharibəyə cəlb etmək üçün müxtəlif təxribatlara əl ataraq dünyanı həmişə olduğu kimi yenidən aldatmağa və müharibəyə üçüncü, dördüncü və s. ölkələrin qoşulmasına çalışmışdır. Ermənistan təkcə işğalın davam etdiyi 30 il ərzində deyil, müharibə zamanı və postmüharibə dövründə də öz xalqını və beynəlxalq ictimaiyyəti öz mifik yalanları ilə aldatmağa və qeyri-insani hərəkətlərini davam etdirməyə cəhd etmişdir. Lakin dünya növbəti dəfə erməni vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə ölkəmiz tərəfindən dərhal təşkil edilmiş silsilə səfərlər zamanı müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin gördükləri onları dəhşətə gətirmiş, bu faktlar erməni siyasətinin əsl simasını ifşa etmişdir.

Çox böyük təəssüflə qeyd edirik ki, Ermənistan hələ də müharibənin ağır nəticələrindən dərs almayıb və öz məkrli niyyətlərini, əməllərini davam etdirir, müxtəlif hərbi və siyasi təxribatlara əl atır. Belə ki, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayının gedənlərin sayı ilə böyük fərq təşkil etməsi, əraziyə girən maşınların 91 faizinin, ərazidən çıxan maşınların isə cəmi 46 faizinin yoxlanılması reallığı aydın şəkildə gördüyümüzü və orada baş verənlərin tam nəzarətimizdə olduğunu deməyə əsas verir. Rusiya sülhməramlı qüvvələri çalışırlar ki, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıb və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyətinin bütün ideoloji əsasları darmadağın edilib. Uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Ermənistanın siyasi və hərbi rəhbərliyi bu reallıqlarla hesablaşsa, onların gələcək taleyi üçün daha yaxşı olar.

Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı inamlı zəfərdən sonra BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Bu gün Azərbaycan özünü etibarlı tərəfdaş kimi artıq sübut edib. İstər Rusiya, istərsə də Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Azərbaycanın digər ölkələrlə də sıx əməkdaşlıq münasibətləri qurulub və bu münasibətlər bütün sahələri əhatə etməklə uğurla davam etdirilir. Azərbaycan bundan sonra da Avropa ilə daha yaxın əlaqələrin yaradılması niyyətindədir. Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq aparılır, eyni zamanda ölkəmiz Avropa üçün etibarlı neft və qaz təchizatçısıdır.

Xüsusilə vurğulamaq lazımdır ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi və sosial sahədəki siyasət bir-birini tamamlayır. Azərbaycanda elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun. Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər. Şəhid ailələri və müharibə əlillərindən 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə təmin edilib. 7400 minik avtomobili verilib və bu proses davam etdirilir. Şəhid ailələrinin sosial təminatı məqsədilə  nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir, onların normal həyata qaytarılması üçün işlər davamlı şəkildə görülür.

İşğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma, abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin, məktəblərin, xəstəxanaların təməli qoyulub. Eyni zamanda çoxsaylı infrastruktur layihələri icra olunur, yollar, körpülər, tunellər inşa edilir. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tarixi torpaqlarımızı işğaldan azad etməsi ilə ata-baba yurdlarımız öz əvvəlki əzəmətinə qovuşacaq. Əminik ki, həmin ərazilər ən qısa zamanda tamamilə bərpa olunacaq və soydaşlarımız öz yurd-yuvalarına geri qayıdaraq, orada əbədi olaraq yaşayacaqlar.