YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü və Qoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək

Cavid Osmanov

Milli Məclisin deputatı

12 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB kimi beynəlxalq təşkilatların yeni reallıqları tamamilə qəbul etdiklərini vurğulayıb. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə hücumlar edib, şəhərlərimizi daim bombalayıb.

Bu müsahibə zamanı ölkə başçısı müharibə ilə bağlı yeni bir açıqlama da edib. Bu isə rəsmi İrəvanın Rusiyanı müharibəyə cəlb etmək üçün müxtəlif təxribatlara əl atması olmuşdur. Belə ki, erməni tərəfi Rusiya tərəfindən xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi Zəngilana ezam edilsin. Nəticədə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edilibmiş. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başlayıblar. Ermənistan rəhbərliyi istəyirmiş ki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf qismində cəlb etsinlər.

Müharibə nəticəsində beynəlxalq ictimaiyyətin növbəti dəfə erməni vandalizminin şahidi olduğunu vurğulayan cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlərinin erməni siyasətinin əsl simasını ifşa etməsinə diqqət çəkir. Azərbaycan Prezidentinin fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə nail olundu.

Sülhməramlıların fəaliyyətinə münasibət bildirərkən cənab Prezident İlham Əliyev onların indi önəmli funksiyanı yerinə yetirirdiklərini, Kəlbəcər, Laçın rayonlarına həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət etdiklərini qeyd edib. Sülhməramlıların fəaliyyətindən danışarkən onların müvəqqəti nəzarətində olan ərazilərdə hər bir məsələdən Azərbaycanın xəbərdar olduğunu bildirən ölkə başçısı Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayının gedənlərin sayı ilə böyük fərq təşkil etdiyini açıqlayıb. Daha çox insan oradan gedir. Bu əraziyə girən maşınların 91 faizi yoxlanılmır. Oradan çıxan maşınların isə cəmi 46 faizi yoxlanılmır. Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Azərbaycan maşınların da, insanların da sayını bilir, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır.

Yerli televiziya kanallarına müsahibəsində cənab Prezident cənab İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də pandemiya ilə mübarizə tədbirləridir. Azərbaycan MDB məkanında vaksinasiyaya start verən birinci ölkədir. Ötən ilin 18 yanvar tarixində Azərbaycan artıq vaksinləri əldə etmişdi. Baxmayaraq ki, o vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə ölkəmizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə “Sinovac” vaksinləri ölkəyə gətirildi və peyvəndləmə prosesinə start verildi. Ondan sonra həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağlanıldı. Ölkədə 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki doza ilə vaksinasiya olunub. Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb. Ölkəmizdə bütövlükdə 46 xəstəxana COVID xəstələrinin müalicəsi ilə məşğuldur. Ölkəmizə modul tipli xəstəxanalar gətirilib, Yeni Klinika COVID xəstələrinin sərəncamına verilib. Azərbaycan xəstəxanalarında COVİD xəstələrini qəbul etmək üçün 10 min çarpayı bazası mövcuddur ki, onlardan cəmi 10 faizi doludur. Önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Ölkəmizdə 875 reanimasiya yeri var, onlardan 26 faizi doludur. Buna görə demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırılıb.

Ölkə başçısının müsahibəsində digər mühüm istiqamətlərdən biri də ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu uğurlu mövqe haqqında olan fikirlərdir. Azərbaycanın fəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu artıb. Pandemiya vaxtı görülən işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar Hərəkatın nüfuzunu artırır. Azərbaycanın çoxlu humanitar proqramları var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə çox ölkələrə humanitar yardım göstərilir, pandemiya dövründə isə 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım göstərilib. Azərbaycan Qoşulmama Hərəkatının həyatında çox mühüm rola malik olan ölkədir.

Qoşulmama Hərəkatına üzv olan ölkələr iki dəfə Azərbaycanın lehinə səs verdilər. Bir dəfə ölkəmizin rəhbərlik etməyinə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, Azərbaycanın sədrliyi daha bir il uzadılsın. İnstitusionallaşdırma yolu ilə getməyin lazım olduğunu qeyd edən cənab Prezident İlham Əliyev hərəkata üzv olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşünün yüksək səviyyədə təşkil olunacağını vurğulamışdır. Azərbaycan Parlament elementini yaratmaq niyyətindədir. Artıq bu məsələdə razılıq əldə edilib. Həmçinin Hərəkatın gənclər elementini də yaratmaq təqdirəlayiqdir.

Bütün bunlardan əlavə Azərbaycanın Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaş olduğunu qeyd edən cənab Prezident İlham Əliyev enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq aparıldığına diqqət çəkir. Eyni zamanda ölkə başçısı Avropa İttifaqı ilə əlaqələrimizə mənfi təsir göstərə biləcək amillərin də olduğunu bəyan edir. Bu isə Avropa İttifaqı tərəfindən Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə yardımının ayırılması haqqında qərardır. Çünki əhali və ərazi baxımından Azərbaycan Ermənistandan beş dəfə böyükdür və məhz Azərbaycan dağıntılara məruz qalıb, Ermənistanda isə bir dənə də bina dağılmayıb. Ermənistan bir çox hallarda bir tərəfdaşa bir söz deyir, o biri tərəfdaşa bunun əksini deyir, üçüncü tərəfdaşa isə üçüncü versiyanı deyir. Bu cür yanaşma uzunmüddətli siyasət ola bilməz. Çünki gec-tez bunun üstü açılacaq. Ölkəmizin isə mövqeyi birmənalıdır. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı rol oynaya bilər. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur.

Müasir dünyada güc amilinin ön plana çıxdığını bildirən ölkə başçısı Azərbaycanın hər zaman beynəlxalq hüququn aliliyini müdafiə etdiyinə diqqət çəkir. Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü və Qoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Azərbaycan dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək.