YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin yerli mətbuat nümayəndələrinə müsahibəsi yeni hədəflərin anonsudur

Yeni ilə çox sürətli və ciddi hadisələrin əhatəsində daxil olduq. İstər bizdən uzaq areallarda, istərsə də bizə tanış ölkələrdə baş verən proseslər vaxtaşırı ali dövlət rəhbərliyinin, xüsusi ilə də dövlət başçısının münasibətini şərtləndirən amilə çevrilir. Bu eyni zamanda da digər mərkəzi, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə də özlüyündə nümunə təşkil etməkdədir ki, müxtəlif vaxt aralıqları ilə media nümayəndələrinə müsahibələr verilməli, ictimaiyyət baş verən hadisələrdən məlumatlı olmalıdır. Xalqla iqtidarı bir-birinə bağlayan mənəvi körpülərdən biri, bəlkə də birincisi media vasitəsi ilə dövlət başçısının ölkə əhalisi ilə bütövləşməsidir. Bu ən ideal vasitədir ki, xalq birinci şəxsdən onu maraqlandıran, narahat edən, düşündürən məsələlərə səmimi cavablar tapa bilir. Prezident İlham Əliyevin müsahibələri məhz bu səbəblərdən çox vacibdir. Dövlət başçısının bir çox hallarda cəmiyyətdə baş verən hadisələri, neqativ məqamları, məmur özbaşınalıqlarını media vasitəsi ilə xəbər tutduğunu və dərhal reaksiyalar verildiyini deməsi də xüsusi əhəmiyyətə malikdir. Cəmiyyətin güzgüsü olan peşəkar media mənsubları və ləyaqətli sosial şəbəkə istifadəçiləri onlara dövlət başçısı tərəfindən təqdim edilmiş fürsəti düzgün qiymətləndirməlidirlər.

Ötən bir il ərzində iqtisadi göstəricilər bir daha sürətli inkişaf tendensiyalarından xəbər verdi. Bəlkə də dünya tarixində böyük müharibədən sonra və ağır pandemiya mərhələsini keçməkdə olan elə bir dövlət yoxdur ki, belə sürətli, dayanıqlı və davamlı inkişaf etsin. İqtisadi artım 5%, qeyri-neft iqtisadiyyatı 7,2%, sənaye istehsalatı 5%-dən çox, qeyri-neft sənayesi 20%, qeyri-neft ixracı 40%, valyuta ehtiyatları isə 2,5 milyard dollardan artıqdır. Eyni zamanda da xarici ticarət balansının saldosu müsbətdir və 10 milyard dollardan çoxdur. Bu rəqəmlər rəsmi məlumatlardır və hər bir vətəndaş inkişafın nəticələrini öz həyatında əyani hiss etməkdədir. Lakin onu da demək lazımdır ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir. Biz dünyada dolların, benzinin və buğdanın qiymətinin qalxdığı bir vəziyyətdə valyuta ehtiyatlarımızın tükənməsi bahasına qiymətləri sabit saxlaya bilmərik. Lakin biz qiymət artımlarını sosial paketlər hesabına kompensasiya edə bilərik. Dövlət vətəndaşmərkəzli sosial siyasət həyata keçirir və bunun əsasında ölkə vətəndaşlarının sosial təminatı dayanmaqdadır. Son zamanlar çörəyin qiyməti ilə bağlı məsələlərə açıqlama verərkən cənab Prezidentin səmimi sözləri cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.

Vətən Müharibəsindən sonra şəhid ailələri və qazilərə göstərilən diqqət xüsusi əhəmiyyətə malikdir. Bu sahədə Azərbaycan öz nümunəsini və modelini yaratmağa nail olmuşdur. Vətən uğrunda doğmalarını qurban vermiş ailələrə və sağlamlığını itirmiş qazilərə göstərdiyimiz qayğının başqa ölkələrdə analoqu yoxdur. Mənzillərin, avtomobillərin, birdəfəlik və aylıq ödənişlərin verilməsi büdcə üçün ciddi yük ola bilər. Lakin biz bu addımları atmaqla milli ruhu yüksək tutmağa nail oluruq. Əgər övladı, atası, həyat yoldaşı, qardaşı şəhid olmuş insanlar ürəkdən “vətən sağolsun” deyə bilirlərsə, qüdrətli dövlətimiz də cəmiyyətin həssas təbəqəsinə qarşı diqqətli və qayğılı davranacaqdır. Cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın məsələyə yanaşması bütün cəmiyyət üçün nəinki nümunə, hətta ciddi siqnal hesab olunmalıdır.

Dövlətimiz yeni dünya quruluşunda layiqli yeri tutur. Deyə bilərik ki, qalib xalq kimi bizə olan hörmət, ehtiram və etimad artmaqdır. Lakin biz nə əldə etdiklərimizlə, nə də keçmiş düşmənlərimizin, indiki qonşularımızın verdiyi xoş bəyanatlara arxalana bilmərik. Ordu quruculuğumuz hər gün müxtəlif istiqamətlərlə inkişaf edir. Yeni müqavilələr icra olunur, yeni silah-sursatlar ölkəyə gətirilir, daxili silah istehsalı genişlənir və əlbəttə, peşəkar ordu quruculuğu istiqamətində ciddi işlər görülür. Xüsusilə də Komando birliklərinin yaradılması və Qarabağ ərazisində yerləşdirilməsi qəlbində revanşist hisslər bəsləyənlər üçün ciddi ismarıcdır. Hər bir hakimiyyət öz cəmiyyəti ilə müxtəlif məsələlərdə hesablaşmaq məcburiyyətindədir. Ermənistanın indiki hakimiyyətinin revaşist bəyanatları cəmiyyətin məğlubiyyətdən sonra hələ də özünə gələ bilməməsindən qaynaqlanır. Bizim hazırlığımız ən üst səviyyədə olmalıdır. Biz bütün vəziyyətlərə hazır olmalıyıq. Ermənistan kimi gələcək haqqında təsəvvürü olmayan, qisas hissinə və xəstə təxəyyülə malik bir cəmiyyətlə hətta imzalanmış sülh müqaviləsi belə əsas sayıla bilməz. Onların bir neçə il sonra nələr edə biləcəklərini heç kimi hesablaya bilməz.

İşğaldan azad olunan ərazilərdə həyata keçirilmiş vandallıq və minalanmış sahələr ermənilərin antihumanist yanaşmalarının təzahürüdür. Yerli mətbuat nümayəndələrinə verilmiş müsahibədə həllini tapmış Qarabağ problemindən sonra keçmiş məcburi köçkünlərin ərazilərə köçürülməsi məsələsi də diqqət mərkəzində olmuşdur. Bu sahədə görülən titanik işlər cəmiyyətimiz tərəfindən diqqətlə izlənilir. Görülmüş işlər həm maddi baxımdan, həm kadr ehtiyatı, həm də texniki tərəfdən yalnız daxili imkanlarımız hesabına həyata keçirilir. Hər kəsə məlumdur və Prezident də bir daha vurğuladı ki, həm relyef, həm də iqlim baxımından dəyərləndirsək, qısa zamanda görülən işlər fədakarlıq nümunəsidir. Bərpa prosesində nə tələsmək, nə də gecikmək olmaz. Ən doğru qərarları verib, ən yaxşı təminatı həyata keçirmək lazımdır. Hesab edirəm ki, bu məsələdə Azərbaycan cəmiyyəti Prezidenti dərindən başa düşür. Baxmayaraq ki, 30 illik həsrət var və insanlar öz doğma yurd-yuvalarına getmək üçün tələsirlər. Lakin müəyyən qaydalara əməl etmək, xüsusilə də minalanmış ərazilərin təmizlənməsini səbrlə gözləmək lazımdır.

Sözün bütün mənalarında 30 il ərzində böyük əziyyətlər çəkmiş əhali öz doğma torpaqlarında ən yaxşı şəraitlə təmin olunmağa layiqdirlər. Çox sevindirici haldır ki, heç bir dövlətdən, beynəlxalq təşkilatlardan kredit, borc və yaxud da yardım almadan öz gücümüzə bərpa prosesini gerçəkləşdirmək iqtidarındayıq. Lakin bu o demək deyildir ki, işğalçı və dağıdıcı Ermənistan bizimlə müqayisədə daha böyük rəqəmlərlə hesablanmış yardım alacaq, biz isə yox. Nə Ermənistanın biabırçı məğlubiyyəti, nə də bizim iqtisadi inkişafımız buna səbəb deyildir. Bərpa prosesində yaxından iştirak etmək istəyən beynəlxalq təşkilatlar bu məsələdə çox diqqətli olmalıdırlar.

Cəmiyyəti maraqlandıran və insanların dəfərlərlə öz aralarında bir-birilərindən soruşduqları bir məqama da aydınlıq gətirilmiş oldu. Bəli, cənab Prezident peyvənd olunub. Həm də üçüncü dəfə peyvənd olunan dövlət başçısı hər bir vətəndaşa heç bir tərəddüd etmədən peyvənd olunmağı məsləhət gördü. Doğrudur, Azərbaycan cəmiyyətində peyvəndlənmə və pandemiyaya qarşı mübarizə ilə bağlı heç bir etiraz qeydə alınmamışdır. İnsanlar şüurlu şəkildə həm öz, həm də cəmiyyətin qeydinə qalırlar. Məhz doğru strategiya və vahid mübarizə sayəsində xalqımız pandemiya ilə mübarizədən uğurla çıxmağı bacarmışdır. Əminəm ki, Prezidentin müraciətindən sonra peyvənd olunacaq insanların sayı daha da artacaqdır.

Cənab Prezidentin yerli mətbuat nümayəndələrinə verdiyi müsahibə haqqında fikirlərimizi ümumiləşdirdiyimiz təqdirdə deyə bilərəm ki, son 18 ildə həyata keçirdiyimiz işlər meqa miqyasdadır. Azərbaycanın beynəlxalq nüfuzundan daxili inkişafına qədər bir çox sahədə tarixi əhəmiyyətə malik işlər görülmüşdür. Böyük Zəfər isə görülmüş işlərin məntiqi nəticəsidir. Eyni zamanda onu da qeyd edə bilərik ki, Zəfərdən sonra inkişafın yeni mərhələsi başlanmışdır. Prezidentin yerli mətbuat nümayəndələrinə son müsahibəsi də yeni hədəflərin anonsudur. Biz əldə etdiklərimizlə kifayətlənmirik. Əksinə, bizim daha böyük hədəflərimiz, ürəyimizdə deyilməmiş sözlərimiz var.

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri