YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında “Azərbaycanın milli maraqları və xarici siyasəti” mövzusunda gənclərlə ilk görüş keçirilib

YAP Yasamal rayon təşkilatında “Azərbaycanın milli maraqları və xarici siyasəti” adlı gənclərlə keçirilməkdə olan silsilə görüşlərin ilk qonağı YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Anar İsgəndərov olub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb və qeyd edib ki, ulu öndər Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hazırda özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Çıxış edən məruzəçi YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Anar İsgəndərov Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, vətəndaşlarının hüquqlarının, cəmiyyətinin milli və vətəndaş birliyinin, ölkənin sabit inkişafının tələb etdiyi ən ümdə dövləti vəzifələri və onların təminatı yolları, mövcud milli resursların bu işə səfərbər edilməsi proqramı və bəhs olunan sahədə məsuliyyətli dövlət idarəçiliyinin yaradılması Prezident İlham Əliyevin milli təhlükəsizlik siyasətinin ən ali məqsədini təşkil etdiyini vurğulayıb.

A.İsgəndərov bildirib ki, müstəqillik illərindən başlayaraq Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bilib və ildən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycan rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bilib və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Cənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük.

Daha sonra müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

Sonda gənclərlə xatirə şəkli çəkilib.