YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin genişlənməsi üçün yaxşı imkanlar var

Martın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sudanın xarici işlər naziri Əli Əhməd Karti ilə görüşüb. Əvvəlcə təkbətək keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov deyib ki, sudanlı həmkarı ilə görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələsi ətraflı müzakirə edilib. Nazir deyib: “Azərbaycan ilə Sudan arasında siyasi baxımdan beynəlxalq təşkilatlarda əməkdaşlıq yüksək səviyyədədir. Biz bir-birimizə dəstək veririk. Sudan beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini tam şəkildə dəstəkləyir”.
Nazir vurğulayıb ki, görüşdə əsasən ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı diqqət mərkəzində olub. Sudan bununla bağlı üç-dörd layihə təklif edib, hazırda bu layihələr müzakirə olunur. Tezliklə iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş imzalanacaq. Bundan başqa, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişin də imzalanması nəzərdə tutulur. “Bu gün biz iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzaladıq”, - deyə E.Məmmədyarov əlavə edib.
Nazir bildirib ki, görüşdə regionda və beynəlxalq aləmdə cərəyan edən proseslər barədə də fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov Sudana səfərinin planlaşdırıldığını qeyd edərək bildirib ki, bu səfər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfəsini verəcək.
Nazir Əli Əhməd Karti deyib ki, Azərbaycanda gedən inkişaf bütün ölkələr üçün örnək ola bilər. İki ölkə arasında yaxşı əlaqələr mövcuddur. Sudan həmişə Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bu mövqe dəyişməzdir. İki ölkə arasında siyasi, iqtisadi sahələrdə, xüsusilə neft, qaz sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Nazir deyib: “Biz Azərbaycanın bu sahədəki təcrübəsindən bəhrələnmək istəyirik. Biz, eyni zamanda, sudanlı tələbələrin Azərbaycan Dövlət Neft Akademiyasında, azərbaycanlı tələbələrin də Sudanın ali məktəblərində təhsil almalarında maraqlıyıq. Bu, iki ölkənin əlaqələrinin inkişafına töhfəsini verə bilər. Biz azərbaycanlı iş adamlarını Sudanda qızıl, kömür, fosfat yataqlarının işlənməsinə dəvət edir. Ölkələrimizin islam dəyərlərinə yüksək qiymət verməsi də münasibətlərimizin inkişafı üçün imkan yaradır. İki ölkə arasında əlaqələrin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilməsi faydalıdır”.