YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin yeni inşa edilən obyektlərinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən əşya-əmlak, ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissə və obyektlərdə tikinti və yenidənqurma işləri davam etdirilir.
Martın 17-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Mərkəzi Əşya Bazası, Mərkəzi Ərzaq Anbarında yeni tikililərin və Maddi-Texniki Təminat Baş İdarəsinin ikinci inzibati binasının açılışında iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Qorxmaz Qarayev general-polkovnik Zakir Qaralova məruzə edib.
Sonra Mərkəzi Əşya Bazasının inzibati və texniki ərazilərindəki tikililər və perspektiv planlar haqqında Müdafiə Nazirliyinin rəhbərliyinə qısa məlumat verilib.
Müdafiə naziri yeni tikilmiş 3 min nəfərlik hamam-camaşırxana kombinatının açılışını edərək onun fəaliyyəti ilə tanış olub, orada çalışan qulluqçularla görüşüb və tövsiyələrini çatdırıb.
Cari ildə şəxsi heyətin təminatı üçün nəzərdə tutulmuş əşya əmlakının etalon nümunələrinə baxış keçirən nazir hərbi qulluqçuların daha keyfiyyətli geyimlə təmin olunmaları üçün qısa müddətdə görüləcək işlərlə bağlı tapşırıqlarını verib.
Texniki ərazidə inşa olunmuş 36 vaqon tutumlu, 1440 kvadratmetrlik saxlancın açılışından və əmlakın saxlanması qaydaları ilə tanışlıqdan sonra bazanın ərazisində texnikaların yeni üsulla boyanması ilə tanışlıq olub.
Mərkəzi Ərzaq Anbarına gələn müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib.
Sonra quru ərzaq, tərəvəz məhsulları və tez xarab olan ərzaq, ət və balıq məsulları üçün yeni inşa olunmuş, hər biri 1000 tonluq üç soyuducu saxlancın və laboratoriya binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrin şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məsulları təminatı gücləndirmək məqsədilə birbaşa şəxsi heyətin qidalanmasına verilir. Gələcəkdə bu işə diqqət daha da artırılacaq.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Maddi-Texniki Təminat Baş İdarəsinin yeni tikilən ikinci inzibati binasının açılışında iştirak edib.
Qısa müddətdə avadanlıqla tam təchiz olunmuş binada sinif otaqları, interaktiv tir zalı, geniş idman kompleksi və kitabxana inşa edilib. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, şəxsi heyətin xidməti vəzifələrinin yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb. Binada yerləşən idarə, xidmət, şöbə və bölmələrin xidməti, texniki və təminat otaqlarındakı vəziyyətlə tanışlıq olub, şəxsi heyətin iş yerlərindəki şərait öyrənilib.
Sonra rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ümumi zalda Maddi-Texniki Təminat Baş İdarəsinin zabit heyəti ilə görüş keçirilib.
Müdafiə naziri hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Tədbir iştirakçıları yaradılan şəraitdən məmnunluqlarını, göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.