YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyi istifadəyə verilib

Martın 17-də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açılış mərasimində iştirak ediblər.
Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Sonra Türkiyənin milli təhsil naziri Nəbi Avcı çıxış etdi. Nazir bu məktəbin istifadəyə verilməsini dövlətlərimiz arasında qardaşlıq və dostluq münasibətlərinin gözəl nümunəsi adlandıraraq dedi: “Bu məktəb ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz əlaqələrin güclü nişanəsidir”. Nəbi Avcı məktəbin qurulmasındakı xidmətlərinə görə azərbaycanlı qardaşlarına minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qardaş Türkiyədə yenidən olmağından, qədim türk torpağı Qarsa gəlməkdən qürur duyduğunu dedi. Ulu öndər Heydər Əliyevin adının bu məktəbə verilməsinə, həmçinin Qarsda Ümummilli Liderin xatirəsinin əziz tutulduğuna görə minnətdarlığını bildirdi. Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında müstəsna rol oynadığını deyən Prezident İlham Əliyev Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamının bu gün dövlət başçılarının timsalında daha da gücləndiyini diqqətə çatdırdı. Bu gün Türkiyənin dünyada güc mərkəzinə çevrildiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğuladı, təhsil sektorunda da əməkdaşlığın gücləndiyini dedi, son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən islahatlardan, görülən işlərdən danışdı. Türkiyə və Azərbaycanın bu gün dünyada baş verən hadisələrə mətanətlə sinə gərdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin tarixi keçmişə də sadiq qaldığını diqqətə çatdırdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan liseyin açılışı münasibətilə təbriklərini çatdırdı. Yüksək standartlara uyğun inşa edilən bu məktəbin tikintisində əməyi olan hər kəsə, xüsusilə də Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. “Heydər Əliyevin adını ölkəmizin hər yerində yaşatmağa çalışacağıq”,- deyən Türkiyə dövlətinin başçısı bütün bunların xalqlarımız və ölkələrimiz arasındakı dostluq və qardaşlığın nümunəsi olduğunu vurğuladı.
Min illik mədəniyyətlərin qovuşduğu məkan kimi Qarsın türk tarixində böyük əhəmiyyətinin olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən, fədakarlıq, qalibiyyət kimi ümummilli məfhumların Qarsın timsalında daha dolğun əks olunduğunu diqqətə çatdırdı.
Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili liseyin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan və Türkiyə prezidentləri liseyin xatirə kitabına ürək sözlərini yazdılar.
Dövlət başçıları liseyin binasında yaradılan şəraitlə tanış oldular.
Binanın foyesində türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstləri qoyulub. Burada, həmçinin Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının, dövlət himnlərinin mətnlərinin, ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin həyat və fəaliyyətləri barədə məlumatların olduğu lövhələr və fotoşəkillərdən ibarət xüsusi guşə yaradılıb. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın Azərbaycan və türk dillərindəki mətni də foyedə yaradılan guşədə nümayiş olunur.
Məlumat verildi ki, liseyin binasının təməli 2011-ci ilin mayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə inşa olunan liseyin ərazisi 2,2 hektardır. Türkiyənin Şərqi Anadolu bölgəsinin ən böyük və nüfuzlu liseyi olan bu kompleksdə müasir tələblər səviyyəsində təhsil almaq üçün bütün zəruri şərait yaradılıb. Burada 32 sinfin yerləşdiyi əsas bina, 200 yerlik yataqxana, 200 nəfərlik örtülü idman zalı, açıq idman sahəsi, zəngin fondu olan kitabxana və iki emalatxana var. Liseydə 400-dən çox şagirdin təlim-tərbiyəsi ilə 24 müəllim məşğul olur.
Liseyin əsas məqsədi elmi və texnoloji yeniliklərə açıq, ölkənin ehtiyaclarına uyğun, intizamlı, ali təhsil proqramına hazırlıq istiqamətində dərin və hərtərəfli bilik və bacarığa, müasir və demokratik düşüncəyə malik gənclər yetişdirməkdir. Təhsil ocağında gündəlik dərslərlə yanaşı, şagirdlərin texniki biliklərinin artırılması və psixoloji durumlarının yüksək səviyyədə olması, hadisələri asan qavraya və təhlil edə bilmələri, fərdi və qrupla işləmək bacarıqlarına yiyələnmələri istiqamətində də məşğələlər keçirilir.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində ağac əkdilər.

 

DİGƏR Xəbərlər Arxiv