YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq mövcuddur və bu əlaqələr gündən-günə inkişaf edir

Azərbaycan 30 ilə yaxın münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da, Ermənistan danışıqlardan boyun qaçırıb. 2020-ci ilin noyabr ayında Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə üçtərəfli Bəyanat imzalandı.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bərabər regionda yeni reallıq yaratdı. Təbii olaraq bu reallıq qonşu və dost Rusiya ilə əlaqələrin yeni müstəviyə çıxmasına zəmin yaratdı.

Bu fikirləri Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 16-da ADA Universitetində "İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda deyib.

Baş nazirin müavini qeyd edib ki, ölkələrimiz arasında strateji əməkdaşlıq mövcuddur və bu əlaqələr gündən-günə inkişaf edir. Pandemiyanın iqtisadiyyata mənfi təsirlərindən bəhs edən Şahin Mustafayev yeni reallıqların yeni vəzifələr qarşıya qoyduğunu bildirib.

Ötən il ölkədə ticarət mübadiləsinin həcminin azaldığını qeyd edən Baş nazirin müavini bir çox sahələrdə əməkdaşlığın aparıldığını deyib. Bu il ticarət mübadiləsinin artdığını vurğulayan Şahin Mustafayev kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının uğurla həyata keçirildiyini bildirib.

Aqroekspressin əhəmiyyətindən danışan Şahin Mustafayev həm də ölkələrimiz arasında enerji, nəqliyyat, humanitar sahələrdə əlaqələrin yüksək templə inkişaf etdiyini deyib. Bildirilib ki, hazırda 15 mindən çox tələbə Rusiyada təhsil alır, Bakıda Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir.

Ölkəmizin regionda nəqliyyat və kommunikasiyanın qurulmasında rolundan bəhs edən Baş nazirin müavini deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi Zəngəzur dəhlizində gömrük postları qurulduğu halda, Laçın dəhlizində də adekvat olaraq gömrük postları qurulmalıdır”.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərindən danışan Şahin Mustafayev diqqətə çatdırıb ki, mina nəticəsində insanlar öz həyatını itirib.

Şahin Mustafayev Azərbaycan və Rusiya arasında əlaqələrin bundan sonra da uğurlu və davamlı olacağına əminliyini ifadə edib.