YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Brüssel səfəri Azərbaycanın növbəti diplomatik- siyasi qələbəsi kimi tarixə düşdü

“Brüssel səfəri Azərbaycanın və Prezident İlham Əliyevin növbəti diplomatik- siyasi qələbəsi kimi tarixə düşdü. Hər zaman olduğu kimi Prezident İlham Əliyev Brüssel səfərində də Azərbaycanın haqlı mövqeyini ortaya qoydu, ölkəmizin regionda sülhün təmin olunmasında maraqlı və Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Brüssel görüşü bir sıra məsələlərin müzakirəsi baxımından səmərəli və məhsuldar oldu: “Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə çıxarılaraq müzakirə olundu. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycana yardım göstərməyə hazır olduğunu ifadə etdi. Eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olundu. Bundan başqa kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi də gündəliyə gətirilərək geniş müzakirə olundu və Ermənistan Zəngəzur dəhlizi üzrə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Məhz, Brüssel görüşündə Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunaraq qeyd etdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır. Bununla da ölkə başçısı bir daha öz prinsipiallığını nümayiş etdirmiş oldu”.

“Əminliklə qeyd etmək olar ki, Brüssel görüşündə müzakirə olunan məsələlərdə, əldə olunan nəticələrdə və qəbul edilmiş bəyanatda Azərbaycan xalqının iradəsi və  maraqları əks olunub” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Brüssel görüşündə diqqətçəkən əsas məqamlardan biri də Ermənistanın baş naziri Nikol Paşinyanın əsəbi, həyacanlı və gərgin olması idi: “Əlbəttə bütün bunlar Nikol Paşinyanın siyasi məğlubiyyətindən irəli gəlirdi. Artıq Paşinyan və Paşinyan hakimiyyəti başa düşür ki, daha yersiz bəhanələrlə vaxt uzatmaq mümkün deyil. Paşinyan Brüsselə böyük ümidlərlə gəlmişdi. Amma Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti, uzaqgörənliyi, həyata keçirdiyi mükəmməl xarici siyasət Paşinyanın bütün ümidlərinin üstündən xətt çəkdi”.