YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın həlak olan 14 hərbçi ilə vidalaşdığı vaxtda qanunsuz aksiya keçirməyə cəhd etmək ilk növbədə şəhidlərin ruhuna hörmətsizlikdir

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzası nəticəsində həlak olmuş 14 nəfər hərbi qulluqçu ilə vida mərasiminin keçirildiyi gün dekabrın 1-də dövlətimizin maraqları əleyhinə fəaliyyəti özünə peşə seçən AXCP sədri Əli Kərimlinin bir qrup tərəfdarı şəhərin mərkəzində qanunsuz aksiya keçirməyə cəhd göstərdilər. Küçələrə çıxıb, qanunsuz aksiya keçirmək, qarışıqlıq yaratmağa cəhd etmək insanlıqdan uzaqdır. Belə bir gündə, xalqın həlak olan 14 hərbçi ilə vidalaşdığı vaxtda qanunsuz aksiya keçirməyə cəhd etmək ilk növbədə şəhidlərin ruhuna hörmətsizlikdir. Onları nə xalqın yas saxlamağı, nə 14 hərbçimizin faciəli şəkildə həlak olması, nə də həmin ailələrin kədəri maraqlandırır. Hüzünlü gündə qanunsuz mitinq keçirərək təxribat törətmək cəhdi siyasi nadanlıq və əxlaqsızlıqdır. Xalqımız bu nankorların milli dəyərlərimizi təhqir edən belə davranışını haqlı olaraq qınayır.

Pandemiya və karantin dövründə hər hansı bir aksiyanın keçirilməsi qanunla qadağandır və belə aksiyaların təşkilatçıları və iştirakçıları qanunla inzibati məsuliyyət daşıyırlar. Aksiya qanunsuz keçirilirsə bu ikiqat məsuliyyət yaradır. Keçirilməsinə heç bir zərurət olmayan bir aksiyaya bu qədər cəhd edilməsi təxribatdan başqa bir şey deyil.

Aksiya iştirakçılarının “siyasi məhbus” kimi təqdim etdikləri şəxslərə gəldikdə isə onların törətdikləri əmələ görə məsuliyyətə cəlb olunduqları hər kəsə aydındır. Tələbləri guya həbsdə olan AXCP üzvü Saleh Rüstəmovun azad edilməsi olsa da, hədəf və məqsəd başqadır. Aksiya üçün şəhərin mərkəzinin seçilməsi də təsdiqləyir ki, məqsəd qarışıqlıq yaratmaqdır. İctimai asayişin, təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan polislərimiz hər zaman öz vəzifə borclarını yerinə yetirirlər. Azərbaycan demokratik, hüquqi dövlətdir. Cəmiyyət qanunlarla idarə olunur. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Bu xainlərin məqsədləri aydındır: Azərbaycanda ictimai asayişi pozmaq. Amma bu məqsədlərinə heç vaxt nail olmayacaqlar.

"Saleh Rüstəmliyə azadlıq" aksiyası əslində bir təxribat idi. Əli Kərimlinin və anti-milli şuranın bu təxribatı törətməkdə əsl məqsədi cənab Prezident İlham Əliyevin Soçidə və Aşqabadda qazandığı uğurlara kölgə salmaq, bu uğurları qəbul edə bilməyən ermənipərəst qüvvələrdən pul qarşılığında aldığı sifarişləri yerinə yetirmək idi.

Şəhidlərimizlə vida mərasiminin keçirildiyi gün “düşmən dəyirmanına su tökən” dağıdıcı ünsürlərin xaricdən gələn sifariş əsasında, üstəlik pandemiya qaydalarını da pozaraq aksiya keçirməyə cəhd etmələri xalqımızda onlara olan nifrət hissini birə on qat artırır.