YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 13-də Oğuz şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb.
İki gün davam edəcək tədbirdə ölkəmizin şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Oğuz şəhərində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov açaraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, ümummilli lider Heydər Əliyevin bununla bağlı siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və ölkəmizdə müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.
Konfransda DQİDK-in sədri Mübariz Qurbanlı çıxış edərək, respublikanın müxtəlif regionlarında keçirilən belə tədbirlərin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıdığını diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, bu gün müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ciddi uğurlara imza atmaqdadır. Azərbaycan sürətlə inkişaf edir, hər yerdə abadlıq, quruculuq işləri gedir. Ölkəmizin sosial-iqtisadi inkişafı yüksək səviyyəyə çatıb. Ermənistanın təcavüzü, ərazimizin 20 faizinin işğal altında olması və digər çətinliklərə baxmayaraq, Azərbaycan bölgədə güclü, lider bir dövlətdir. Azərbaycanın sosial-iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin başladığı böyük siyasətin davamı və məntiqi nəticəsidir.
“Azərbaycan islam dövlətlərinin içərisində özünəməxsus yeri və rolu olan ölkələrdən biridir. İslam ölkələri arasında Azərbaycanın xüsusi nüfuzu vardır. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında öz sözünü deyə bilən bir ölkədir”, - deyə Mübariz Qurbanlı diqqətə çatdırıb.
Vurğulanıb ki, ölkəmizdə dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Bunu Oğuz rayonunun timsalında da aydın görmək olar. Komitə sədri bildirib ki, Azərbaycan, eyni zamanda, dünyaya inteqrasiya edən bir ölkədir. Bununla belə, xalqımız öz milli-mənəvi dəyərlərini də daim qoruyur.
Konfrans daha sonra işini plenar iclaslarla davam etdirib.
Həmin gün DQİDK-in sədri Mübariz Qurbanlı və rayonda səfərdə olan BMT-nin rezident əlaqələndiricisi Antonius Broek Oğuz şəhərindəki Cümə məscidinə, alban məbədi və sinaqoqlara baş çəkib, tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar.