YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfrans keçirilib

Noyabrın 19-da YAP Mərkəzi Aparatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfrans keçirilib.

Konfransda əvvəlcə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin  29-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun təklifi ilə müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tahir Budaqov bildirib ki, müasir, müstəqil Azərbaycan dövləti bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Dövrün reallıqları fonunda müstəsna tarixi-siyasi əhəmiyyətə malik olan və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən biri hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. YAP siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiyadır. O zaman Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürür, respublikamız regional və beynəlxalq səviyyədə, demək olar ki, geosiyasi təcrid vəziyyətində idi. Bütün bunlar hətta Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Belə bir şəraitdə Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. Məhz bundan sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, ulu öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən çox mühüm - əlamətdar hadisə oldu.

YAP Sədrinin müavini qeyd edib ki, güclü Lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yer tutdu və xalqı öz ətrafında sıx birləşdirdi: “Bu, təsadüfi deyildi. Çünki ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirdi, YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrildi. Digər tərəfdən, Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi. Partiyamız qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi.

Hələ yarandığı ilk vaxtlarda öz məqsədyönlü, nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydalarını və normalarını müəyyənləşdirən Yeni Azərbaycan Partiyası yeni siyasi mədəniyyət nümunəsi ortaya qoydu. YAP nümayiş etdirdi ki, müxalifətçilik dövlətin maraqlarına zidd mövqe tutmaq deyil və iqtidar partiyası kimi fəaliyyət göstərmək, hər şeydən əvvəl, məhz xalqa xidmət göstərmək, onun mənafeyini qorumaq prinsiplərinə əsaslanmalıdır”.   

Qeyd olunub ki, Ümummilli Liderin siyasi mirası olan YAP ötən 29 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, siyasi ləyaqət etalonu yaratmışdır.  Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, Heydər Əliyev ideyaları əsasında tarixi təşəbbüslərə və nailiyyətlərə imza atmışdır. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzu davamlı olaraq artır. Sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi bunun bariz nümunəsi – real təsdiqidir. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.

Vurğulanıb ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyətinin səmərəliliyini təmin edən vacib faktorlardan biri partiyanın davamlı islahatlar çərçivəsində təkmilləşməsidir: “Xüsusilə də, partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Xüsusi vurğulamaq gərəkdir ki, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V Qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII Qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb etmişdir və şübhəsiz ki, Onun birinci müavin kimi fəaliyyəti ölkəmizin və partiyamızın daha da güclənməsinə xidmət edəcəkdir”.

Azərbaycanın milli tərəqqinin yeni mərhələsinə qədəm qoyduğunu deyən YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan mühüm strateji təklif və təşəbbüslərlə çıxış edən, qətiyyətli mövqeyini davam etdirən qalib Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar regionda, türk dünyasında və qlobal miqyasda yüksək dəyərləndirilir: “Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağı da bu baxımdan əlamətdardır. Bu, cənab İlham Əliyevin müdrik Lider, qətiyyətli dövlət başçısı və Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi ilə Qarabağın  işğaldan  azad edilməsinin, Onun qlobal problemlərlə mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələrinin, Türk Şurası, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar  çərçivəsində ümumbəşəri xarakter daşıyan təşəbbüslərinin dünya miqyasında olduqca yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Ümumiyyətlə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Bu baxımdan xüsusi vurğulamaq istəyirəm ki, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın cari il martın 5-də baş tutmuş VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultayda partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə imkan yaradacaqdır. Şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar fonunda dövlətin qətiyyətli siyasətinə, xalqın həmrəyliyinə paralel olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və yeni strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir!”.

Tahir Budaqov YAP-ın təsis edilməsinin 29-cu ildönümü münasibətilə bütün partiya üzvlərini təbrik edib, Heydər Əliyev yolu naminə fəaliyyətlərində uğurlar arzulayıb. 

Konfransda “Ulu Öndərin xilaskarlıq missiyası” mövzusunda çıxış edən YAP Sədrinin müavini  Əli Əhmədov bu əlamətdar gün münasibətilə partiyanın Sədri, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi və bütün partiya üzvlərini təbrik edib. YAP-ın yaradılmasının Azərbaycanın müasir tarixinin möhtəşəm və ən əlamətdar hadisələrindən biri olduğunu deyən Əli Əhmədov qeyd edib ki, 29 il bundan əvvəl yenicə müstəqilliyinə qovuşmuş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, ölkədə qeyri-sabitlik tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. O bildirib: “Azərbaycan vətəndaşları əmin idilər ki, cəmiyyətimizin özünəqayıdışının təmin edilməsi qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər. Bu da Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etməkdən ibarət idi. Buna görə də 29 il əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Azərbaycan cəmiyyəti, əslində, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası təsis ediləndən təxminən yarım il sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk növbədə, böhran, qeyri-sabitlik cilovlandı, genişmiqyaslı və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində mühüm nəticələr əldə olundu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda çox ciddi iqtisadi, sosial inkişaf baş verdi, ölkəmizin siması bütövlükdə yeniləndi. Bu strategiya 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən azad edilməsi ilə nəticələndi. Düşünürəm ki, Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilat hesab edilə bilər. Eyni zamanda, YAP iqtidarı qısa müddət ərzində Azərbaycanı dünyada ən uğurlu gənc dövlətə çevirdi”.

Bütün bu nailiyyətlərin bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirməsinə sübut kimi qiymətləndirilə biləcəyini deyən YAP Sədrinin müavini qeyd edib: “Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq. Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək”.

YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov isə “Yeni Azərbaycan Partiyasının təsis edilməsinə tarixi zərurət prizmasından baxış” mövzusunda çıxış edib. 1990-cı illərin əvvəlində ölkədə mürəkkəb proseslərin baş verdiyini deyən Ş.Əsgərov bildirib ki, respublikamızda hökm sürən qeyri-sabitlik, tənəzzül  ziyalıları ciddi narahat edirdi. “Hamı bilirdi ki, Azərbaycanı Heydər Əliyev kimi böyük dövlət xadimi xilas edə bilər. İnsanların ürəyində Heydər Əliyevə böyük sevgi var idi. Belə bir şəraitdə bir qrup ziyalı olaraq qərar gəldik ki, vəziyyətlə əlaqədar Heydər Əliyevə müraciət edək. 91-lərin müraciətinin adı belə idi: “Azərbaycan Sizin sözünüzü gözləyir”. Heydər Əliyev bu məktuba bir neçə gün sonra  cavab verdi. Həmin cavab məktubu Azərbaycanın gələcəyinə baxış idi. Heydər Əliyev partiya yaradılmasına razılıq verdikdən sonra isə YAP-ın təsis edilməsi ilə bağlı işlərə başlanıldı. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Altı aya yaxın müddətdə partiyaya 60 minə yaxın insan üzv olmuşdu. Bunun səbəbi isə partiyaya  Heydər Əliyev kimi böyük şəxsiyyətin rəhbərlik etməsi idi. O zaman insanlar bu partiyaya “Heydər Əliyev partiyası” deyirdilər. Biz partiyanı yaradanda imkanlarımız, ofisimiz demək olar ki, yox idi. İndi isə YAP böyük gücə çevrilib, onun  800 minə yaxın üzvü var. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız böyük uğurlara imza atır”, - deyə o qeyd edib.

Tədbirdə “Azərbaycançılıq fəlsəfəsinin müəllifi” mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü Elmar Qasımov bildirib ki, hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da olmalıdır. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev azərbaycançılıq fəlsəfəsinin əsaslarını hələ sovet dövründə müəyyən edib. 1978-ci ildə Ulu Öndərin qətiyyəti nəticəsində Azərbaycan dili dövlət dili kimi Azərbaycan SSR-in Konstitusiyasına daxil edildi. Bu və digər addımlar azərbaycançılıq fəlsəfəsini özündə aydın şəkildə ifadə edirdi.

E.Qasımovun sözlərinə görə, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya ölkəmizin bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu, vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan azərbaycançılıq ideyası idi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Ulu öndər Heydər Əliyev azərbaycançılığı milli ideyaya çevirməklə ölkənin daxilində yaşayan onlarla xalqı bu ideyanın ətrafında birləşdirməyə, milli, etnik ayrı-seçkiliyin aradan qaldırılmasına, ölkədə ictimai-siyasi sabitliyi yaratmağa, dövlətin inkişaf konsepsiyasını qurmağa nail oldu. Məhz bu ideologiya ətrafında sıx birləşən Azərbaycan xalqı vahid ideya-dövlətin inkişafı ideyasını prioritet olaraq qarşısına qoydu və bütün enerjisini bu istiqamətə yönəltdi. Bu, həm də müasir, qloballaşan dünyada milli kimliyimizin tanınması istiqamətində mühüm addım idi”.

YAP İdarə Heyətinin üzvü bu gün Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu yolu uğurla davam etdirdiyini vurğulayıb.

Konfransda YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova “Müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda çıxış edib. S.Qasımova bildirib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra dövlət müstəqilliyi qorunub saxlanıldı, müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi geniş vüsət aldı, ölüm hökmü və senzura ləğv edildi, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı. O qeyd edib ki, bu gün üzvü olduğumuz Yeni Azərbaycan Partiyası minlərlə Azərbaycan vətəndaşını öz ətrafında birləşdirərək dövlətin siyasi sütunu rolunda çıxış edir. Partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası zamanın tələbinə uyğun olaraq həm kəmiyyət, həm də keyfiyyət baxımında böyüyür, müasirləşir və güclənir. Bu şərəfli işdə biz gənclərin də iştirak etməsi bizim üçün olduqca qürurvericidir.

Konfransa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə partiyanın 29 ildə keçdiyi şərəfli yola nəzər salındığını bildirib. Onun sözlərinə görə, YAP xalqın və dövlətimizin taleyində mühüm rol oynayıb və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərib.  “Bu gün partiyamızın gücü  Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyamızın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  ilə möhtəşəm gələcəyə doğru daha inamla irəliləyəcək”, - deyə o əlavə edib.

YAP-da nəsillərarası varislik prinsipinə önəm verildiyini deyən Tahir Budaqov mürəkkəb bir dövrdə partiyanın yaranmasında iştirak edən, təzyiqlərə rəğmən cəsarət nümayiş etdirərək Heydər Əliyev naminə mübarizə aparan 91-lərə hər zaman hörmət və ehtiram göstərildiyini söyləyib. O qeyd edib ki, 91 ziyalının başladığı yol bu gün uğurla davam etdirilir, Prezident İlham Əliyev böyük inam və qətiyyətlə Azərbaycanı daha böyük zəfərlərə doğru aparır.

Tədbir iştirakçıları “91”-ləri alqışlayıblar.

Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadəyə “Şərəf” ordenini və Veteranlar Şurasının üzvü Misir Mərdanova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Arif Rəhimzadə və Misir Mərdanov çıxış edərək göstərdiyi etimada görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.