YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Financial Times” qəzeti Ermənistan ilə Azərbaycan arasında vəziyyətin gərginləşməsindən yazıb

Amerikanın “Financial Times” qəzeti “Azərbaycan: Dağlıq Qarabağ münaqişəsinin dalğavari təsiri təhlükəsi” sərlövhəli məqalə dərc edib. Məqalədə deyilir ki, Azərbaycan ilə Ermənistan arasında “dondurulmuş münaqişə” gərginləşir və regionda sabitlik üçün təhlükə, Cənubi Qafqazın hüdudlarından kənarda isə “dalğavari təsir” riski yaradır. Yanvar ayında həlak olanların sayı 12 nəfərə, yaralananların sayı 18 nəfərə çatıb. Müəllif yazır ki, 1990-cı illərdə münaqişə nəticəsində 20 min adam həlak olub, 1 milyondan çox adam qaçqına və məcburi köçkünə çevrilib.
Beynəlxalq icmalçıların fikrincə, 2014-cü ildə həlak olanların sayı təqribən 60 nəfər olub ki, bu da son 20 ildə ən dəhşətli statistikadır. Avropa hökumətinin adı bildirilməyən nümayəndəsinin sözlərini sitat gətirən müəllif yazır ki, təmas xəttində qarşıdurma metodları daha təhlükəli xarakter alıb. O deyib: “Bunlar artıq snayperlər deyil, hücumlar helikopterlərin, artilleriyanın və başqa texnikanın köməyi ilə həyata keçirilir”. Məqalədə deyilir: “2014-cü ildə Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri zamanı razılaşma əldə edilməyib”.
Müəllif qeyd edir ki, prezident Əliyev və onun hökuməti artıq son illər diplomatik irəliləyişin olmamasından narazılığını bildirir. Bu ilin fevralında təhlükəsizlik məsələlərinə dair illik Münhen konfransında İlham Əliyev qərb dövlətlərini ikili standartlar siyasəti yürütməkdə ittiham edib.
Sonda müəllif yazır ki, 2007-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiləri münaqişəni Ermənistan silahlı qüvvələrinin Qarabağın dağlıq hissəsi ətrafında işğal olunmuş ərazilərdən tədricən çıxarılmasını və gələcək referendumda regionun statusuna dair qəti qərar qəbul olunmasını nəzərdə tutan “Madrid prinsipləri” əsasında nizama salmağa çalışırlar, lakin nə Ermənistan, nə də Azərbaycan cəmiyyəti münaqişənin dinc yolla nizama salınması üçün güzəştə getməyə hazır deyildir.