YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə görüşü olub

Martın 11-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Hörmətli cənab Prezident, nümayəndə heyətinin üzvləri. Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Əminəm ki, Sizin səfəriniz ikitərəfli əlaqələrimizin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Ölkələrimiz arasındakı qardaşlıq əlaqələri iki müsəlman ölkəsinin əməkdaşlığının yaxşı nümunəsidir. Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaq.
Bu gün ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsini təmin edəcək mühüm sənədlər imzalanacaq. Bizim aramızda çox yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın əsasını xalqlarımız arasında qardaşlıq əlaqələri təşkil edir. Sizin səfəriniz siyasi, iqtisadi, mədəniyyət, elm, texnologiya, müdafiə sənayesi sahələrində tərəfdaşlığımızın gücləndirilməsində mühüm addım olacaq. Biz bütün sahələrdə ölkələrimiz arasında daha geniş əməkdaşlığın olmasını istəyirik.
Əlbəttə ki, biz Sizin Azərbaycanın mövqeyini beynəlxalq təsisatlarda dəstəkləməyinizi yüksək qiymətləndiririk. Biz bütün beynəlxalq təsisatlarda Pakistanı dəstəkləyirik. Bu, bizim səmimi əməkdaşlığımızın və əlaqələrimizin yaxşı nümunəsidir.
Dəvətimi qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə Sizə olduqca minnətdaram. Bilirəm ki, Sizi böyük nümayəndə heyəti müşayiət edir. Ümidvaram ki, müvafiq hökumət rəsmilərinin də bir-biri ilə danışıqlar aparmağa və birgə gələcək fəaliyyəti planlaşdırmağa vaxtı olacaq. Əminəm ki, yaxşı nəticələr əldə etmək üçün səfəriniz nəticəsində bizi birləşdirən bütün sahələrdə konkret planımız olmalıdır və sonra onlar bizim təlimatlarımızı necə yerinə yetirdikləri barədə bizə məruzə edəcəklər.
Cənab Prezident, bir daha xoş gəlmisiniz. Əminəm ki, Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz.
Pakistan Prezidenti Məmnun HÜSEYN çıxış edərək dedi:
- Çox sağ olun, cənab Prezident. Məni qardaş ölkəyə - Azərbaycana dəvət etdiyiniz üçün Sizə bir daha təşəkkür etmək istəyirəm. Azərbaycana gəldiyim andan, elə hava limanından mənə göstərilən səmimi qəbula görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bununla belə, bir çox beynəlxalq məsələlərdə bizimlə apardığınız tərəfdaşlıq, bizə göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Məsələn, Cəmmu və Kəşmir məsələsi kimi mövzularda bizi daim dəstəkləyirsiniz və prinsipial mövzulara gəldikdə, onların əvvəlki illərdə qəbul edilmiş BMT qətnamələrinə uyğun olaraq həll edilməsini hər zaman dəstəkləmisiniz.
Habelə əmin edirik ki, biz Dağlıq Qarabağ məsələsində Sizi dəstəkləyirik və bunu gələcəkdə də, inşallah, davam edəcəyik. Bəzi “qonşular” tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bir sıra zorakılıqları pisləyirik. Xocalı qətliamını qətiyyətlə pisləyirik. Sizi əmin edirəm ki, hər bir çətin və ya yaxşı məsələnizdə sizinlə birlikdəyik.
Cənab Prezident, Sizinlə müzakirə etdiyimiz kimi, ölkələrimizdə gözəl imkanlar var. İndi müsəlman dünyası bilməlidir ki, bir-birimizə kömək edərək, bəlli sahələrdə bir-birimizin təcrübəsindən istifadə edərək daha güclü olmalıyıq.