YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağın hava qapısı - Füzuli Beynəlxalq Hava Limanının açılışı tarixi hadisədir

“Füzuli rayonu Qarabağın giriş qapısıdır. Erməni vandalları və barbarları tərəfindən tamamilə dağıdılmış Füzulinin bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilməsi əlbəttə ki, xüsusi məna kəsb edir. Bu, həm Azərbaycan dövlətinin, həm də Prezident İlham Əliyevin iradəsinin, qətiyyətinin, gücünün, eləcə də Qarabağa olan xüsusi münasibətinin göstəricisidir. Bu xüsusda Füzuli rayonunda beynəlxalq hava limanının inşa edilməsi həm rayonun, həm də Qarabağın və Şərqi Zəngəzurun perspektiv inkişafı baxımdan mühüm əhəmiyyətə malikdir. Ona görə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarabağın hava qapısının - Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi tarixi hadisə kimi dəyərləndirilməlidir. Bu hadisə eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, həmrəyliyin nümayişi baxımdan region dövlətlərinə bir mesaj idi". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Füzuli rayonunda yerləşən hava limanı beynəlxalq statusa malik olduğundan bir çox üstünlüklərə malikdir: “Birincisi, Füzuli Beynəlxalq Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malik olacaq. Bu da təbii ki, rayonun və regionun inkişafı üçün zəruri olan yerli və idxal olunan mal və materialların daşınması üçün əlverişli şərait yaradacaq. İkincisi, Füzuli rayonunun bərpası yekunlaşdıqca yerli sakinlərin köçürülməsi və yerləşdirilməsi prosesinə start veriləcəkdir. Bu işdə də Füzuli Beynəlxalq Hava Limanının böyük rolu olacaq. Üçüncüsü, Füzuli Beynəlxalq Hava Limanının turistlərin Qarabağa səfərlərinin təşkilində xüsusi əhəmiyyətə malik olacaq. Dördüncüsü, Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın hərbi məqsədlərinə də əlverişli şərait yaradacaq. Beşincisi, perspektivdə ixrac və idxal əməliyyatlarının, intensiv ticarət münasibətlərinin qurulmasına, beynəlxalq bazarlara çıxışa dəstək olacaq. Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, Füzuli Beynəlxalq Hava Limanı bərpa olunan Qarabağın, Şərqi Zəngəzurun və ümumilikdə Azərbaycanın inkişafına böyük töhfəsini verəcək”.

Ramil Vəlibəyov əlavə edib ki, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın və Şərqi Zəngəzurun bütün istiqamətlər üzrə Azərbaycana yenidən inteqrasiyası üçün mühüm istinad nöqtəsi olacaq.