YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi

“Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta, yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi: “Çünki Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. İşğaldan azad olunmadan sonra dəqiqləşdi ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurmuşdu. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdı. Bununla belə Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdi. Bu da əlbəttə ki, hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir”.

“Bir il öncə, məhz bu günlərdə Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, Azərbaycan şəhidlər verirdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar: “Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu 2020-ci il noyabrın 26-da təsis edilmiş “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər”.