YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir

“Baxmayaraq ki Olimpiya Hərəkatı Avropada doğulub və sonradan bərpa olunub, bu vaxta qədər Avropa Oyunları keçirilməyib. Belə bir Oyunları ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək, əlbəttə, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Əlbəttə, bu qərarı qəbul edərkən Avropa Olimpiya Komitəsi bir çox faktlara əsaslanırdı: Azərbaycanda idmana dövlət tərəfindən göstərilən dəstək, idmançılarımızın uğurları, mövcud idman infrastrukturu və əlbəttə, ölkənin ümumi inkişafı. Azərbaycanda idmana, Olimpiya Hərəkatına dəstək dövlət siyasətinin prioritetlərindən biridir. Son 10 ildə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. Biz müstəqil ölkə kimi Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və oyunlardan-oyunlara atletlərimizin uğurları artmaqdadır. Son Yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası ikisi qızıl olmaqla 10 medal qazanaraq Avropa ölkələri arasında 15-ci yeri, ümumi iştirakçılar arasında isə 30-cu yeri tutmuşdur. Ötən il Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında bizim gənc atletlərimiz beşi qızıl olmaqla 12 medal qazanaraq 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur.”  Bu fikirləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimində çıxışı zamanı söyləyib. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva: “Biz yaxşı anlayırıq ki, ilk Oyunlar, onların təşkilatı gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək. Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız olub, Azərbaycan bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi çalışır. Biz beynəlxalq idman qurumları ilə, Avropa Olimpiya Komitəsi ilə sıx əlaqədə çalışırıq. Ümidvaram ki, ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakıda ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək.”