YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri regionun inkişafına və təhlükəsizliyinə xidmət edir

“İstər 44 günlük müharibədən əvvəl, istər müharibə zamanı və ondan sonra Türkiyə ilə Pakistanın qardaşlıq münasibətini, açıq siyasi və mənəvi dəstəyini Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması və ərazilərin azad edilməsi Cənubi Qafqazın geosiyasətində yeni siyasi konfiqurasiya formalaşdırıb. Bu baxımdan Azərbaycanın dost Türkiyə və Pakistan dövlətləri ilə münasibətləri daha böyük diqqətə və xüsusi əhəmiyyətə malikdir. Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi də dostluq, qardaşlıq və hərbi-siyasi tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. “Üç qardaş - 2021” beynəlxalq təlimi 3 ölkə arasında mövcud olan strateji münasibətlərdə yeni mərhələdir. Bu baxımdan inanıram və qəti əminəm ki, ümumiyyətlə, bu cür təlimlərdən sonra Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək və bu da öz növbəsində regionun inkişafına və təhlükəsizliyinə xidmət edəcək”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, son vaxtlar üç ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün öz səylərini əsirgəmirlər. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.

Millət vəkilinin sözlərinə görə, bu gün istər Pakistan, istərsə də Türkiyə Azərbaycana dost və qardaş ölkələrdir: “Üç ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə, İslam dövlətlərinə təsir imkanları da vacib amildir. Üç ölkə arasında sıx əlaqələr Qarabağ müharibəsindən sonrakı dövrdə yaranmış problemlərin həllində, Zəngəzur dəhlizinin istifadəyə verilməsində, Türkiyənin antiterror mübarizəsində, Kipr və Kəşmir problemlərinin həlli istiqamətində də mühüm rol oynaya bilər.

Ümumiyyətlə, 44 günlük İkinci Qarabağ müharibəsi üç dost, qardaş ölkənin dünyaya nümunə olan münasibətlərinin təqdimatı oldu. Bu birlik xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılanıb, şəhər və kəndlərimizdə Azərbaycan Bayrağı ilə yanaşı, Pakistan və Türkiyə bayraqları da qürurla dalğalandırılıb. Fəxr edilməli məqamdır ki, hökumətlərimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətləri ali qanunvericilik orqanlarımızın timsalında, geostrateji reallıqların yarandığı yeni dönəmdə, postkonflikt mərhələdə öz əksini tapır. Hər üç ölkə arasında sıx əlaqələrin olması isə əməkdaşlıq üçün yeni və geniş imkanlar açır”.