YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bundestaqda keçirilən simpoziumda Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilib

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən Alman Parlament Cəmiyyətində “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” adlı simpozium keçirilib. Ənənəvi olaraq Xocalı soyqırımının ildönümü münasibətilə artıq 3-cü ildir keçirilən simpozium Azərbaycanın Almaniyadakı səfirliyi, Alman-Azərbaycan Forumu, Alman Atlantik Cəmiyyətinin və ARDNŞ-in Almaniya nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbirdə çıxış edərək Ermənistanın ölkəmizə təcavüzü haqqında danışıb. O, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş qətliamın Azərbaycan xalqı üçün nə dərəcədə faciəvi olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Pərviz Şahbazov ölkəmizin işğaldan əziyyət çəkməsinə baxmayaraq, yürüdülən müstəqil və müdrik siyasətlə regionda aparıcı gücə çevrildiyini, qonşuları və dünya ölkələri, o cümlədən Almaniya ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu vurğulayıb. Səfir Azərbaycan-Almaniya əməkdaşlığının son dövrlər daha da fəallaşmasında Prezident İlham Əliyevin ilin əvvəlində Almaniyaya etdiyi iki səfərin əhəmiyyətini vurğulayıb.
Alman-Azərbaycan Forumu sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanın Avropa və Almaniya üçün əhəmiyyətini qeyd edib. O, bəzən Almaniya mətbuatında Azərbaycanla bağlı qeyri-obyektiv və qərəzli məlumatların yayıldığını və bunun ədalətsiz olduğunu bildirib. Şlayer Dağlıq Qarabağ münaqişəsinə etinasız yanaşmanın Avropada bu günədək digər münaqişələrin yaranması və alovlanmasına şərait yaratdığını vurğulayıb.
Bundestaqın vitse-prezidenti Yohannes Zinqhammer tədbirin Almaniya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. O, Almaniya Bundestaqının hələ 2009-cu ildə Cənubi Qafqaz ölkələrinə dair qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini və bu qətnamənin bu gündə qüvvədə olduğunu bildirib. Zinqhammer Azərbaycanın dövlət quruculuğu prosesində Avropa dəyərlərinə önəm verməsinin, Avropa, o cümlədən Almaniya ilə sıx iqtisadi əməkdaşlıq etməsinin yüksək qiymətləndirildiyini bildirib. Bundestaqın vitse-prezidenti Azərbaycanda etnik və dini tolerantlığı, Azərbaycanda qadınların hələ Almaniyadan əvvəl seçki hüququna malik olmasını xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına nəzər salıb, hazırda reallaşdırılmaqda olan Cənub Qaz Dəhlizi layihəsinin hər iki tərəf üçün faydasından danışıb. Elşad Nəsirov bildirib ki, işğalçılıq siyasətinin nəticəsində özünü ağır vəziyyətə salmış və hazırda iqtisadi tənəzzül keçirən Ermənistan işğala son qoyarsa Azərbaycanın rəhbərlik etdiyi enerji layihələrinə cəlb olunaraq onlardan bəhrələnə bilər.
Milli Məclisin deputatı Siyavuş Novruzov simpozium iştirakçılarına Azərbaycan xalqı üçün ağrılı gündə Qarabağ problemini müzakirə etdikləri üçün təşəkkür edib. Bildirib ki, Ermənistan işğal etdiyi ərazilərin dərhal boşaldılmasını ondan tələb edən beynəlxalq sənədlərə, xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə etinasız yanaşmasına baxmayaraq, beynəlxalq birliyin təzyiqlərinə məruz qalmır. Avropa ölkələri hazırda Ukrayna məsələsində nümayiş etdirdiyi qətiyyəti Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də göstərsəydi, bu problem çoxdan həll olunardı.
Çıxışlardan sonra Azərbaycanın Ştuttqart şəhərindəki fəxri konsulu Otto Hauzerin moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents, Bundestaqın daha bir deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Doris Barnet, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, Almaniya İqtisadiyyatının Şərq Komitəsi təşkilatının icraçı direktoru, professor Rayner Lintner, azad jurnalist və publisist, “Der Spiegel” jurnalının sabiq müxbiri Rixard Kissler iştirak ediblər.
Karin Ştrents Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının səbəbi kimi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsini göstərib və bunu Ermənistan rəsmilərinə də hər zaman açıq bəyan etdiyini bildirib. O qeyd edib ki, ölkəsini uğurla idarə edən Azərbaycan Prezidentindən fərqli olaraq, Ermənistan Prezidentinin sonuncu Münxen Təhlükəsizlik Konfransında münaqişələrə həsr olunmuş panel müzakirəsində iştirakdan boyun qaçırması faktı Dağlıq Qarabağ probleminin həllinin bugünkü vəziyyətini aydınlaşdırır.
Doris Barnet öz torpaqlarından didərgin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının pozulduğunu vurğulayaraq, onların ən qısa zamanda evlərinə dönməsinin qaçılmazlığının Ermənistana başa salınmalı olduğunu vurğulayıb.
Rixard Kissler Dağlıq Qarabağa, o cümlədən Xocalı şəhərinə jurnalist kimi bir neçə il əvvəl etdiyi səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Jurnalist Xocalı və Şuşa şəhərlərində dağıdılmış mədəni abidələrin bərpa edilmədiyini, Ermənistanın özündə və onun işğal etdiyi Azərbaycan torpaqlarında yaşayan erməni əhalinin ağır demoqrafik böhran keçirdiyini diqqətə çatdırıb.
Simpoziumda Almaniya Xarici İşlər, Müdafiə, İqtisadiyyat nazirliklərinin nümayəndələri, ictimai-siyasi, iqtisadi, mədəni dairələrin, mətbuatın, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri daxil olmaqla ümumilikdə 180-ə qədər iştirakçı olub.