YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb

Özbəkistanda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu ölkə Baş nazirinin müavini Uluqbek Rozikulov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Ölkələrimizin və xalqlarımızın dost və qardaş olduqlarını vurğulayan tərəflər Azərbaycanın və Özbəkistanın dövlət başçıları İlham Əliyevin və İslam Kərimovun qarşılıqlı səfərlərinin əməkdaşlığımızın hazırkı səviyyəyə çatmasına təkan verdiyini bildiriblər.
Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi, nəqliyyat sahəsində əlaqələrin inkişafı, Özbəkistan yüklərinin Azərbaycandan keçməklə dünya bazarına çıxarılması, ticarət mübadiləsinin həcminin artırılması, Özbəkistanda istehsal edilən müxtəlif markalı avtomobillərin satışı və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Qeyd olunub ki, bir neçə il əvvəl Daşkənddə və Bakıda ölkələrimizin milli sərgiləri uğurla keçirilib. Bu sərgilərdə Azərbaycanın və Özbəkistanın iqtisadi sahədəki uğurları əksini tapıb. Vurğulanıb ki, bu sərgilərdən sonra ölkələrimiz arasında mal mübadiləsinin həcmi təxminən iki dəfə artıb və bu istiqamətdə işlər davam etdirilir. Həm Bakıda, həm də Daşkənddə yeni sərgilərin təşkilinin, biznes forumların keçirilməsinin vacibliyi qeyd edilib, bunun əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar açdığı vurğulanıb.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib.