YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə rəsmi olaraq sədrliyə başladı

Mayın 14-də Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə rəsmi olaraq sədrliyə başlamışdır.

Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik mayın 7-də Avstriyanın paytaxtı Vyana şəhərində bu təşkilatın 124-cü sessiyasında Azərbaycana keçmişdir. Bu hadisə BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən sonra Azərbaycan diplomatiyasının tarixinə yazılmış daha bir uğurlu səhifə oldu.

2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan ilk dəfə bu qurumun Nazirlər Komitəsinə sədrlik edir. Bu, ötən illərdə Avropa ailəsinin üzvü olmaq istiqamətində uğurlu addımlar atan, dünyada nüfuzu gündən-günə artan, demokratik imicini daha da möhkəmləndirən, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verən Azərbaycan üçün əlamətdar hadisədir.

Avropa Şurasına üzv olmasından qısa müddət keçməsinə baxmayaraq, Azərbaycanın bu mötəbər qurumun Nazirlər Komitəsinə sədrlik etməsi heç də təsadüfi deyildir. On üç il bundan əvvəl Avropa ilə sadəcə əlaqələr qurmaq istəyən Azərbaycan nəinki bu əlaqələri qurdu, hətta uğurlu xarici siyasət nəticəsində beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrildi. Məhz bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına seçkilərdə inamlı qələbə qazandı və bu quruma iki dəfə uğurla sədrlik etdi.

Ötən müddətdə mühüm siyasi islahatlar həyata keçirən Azərbaycan demokratik inkişaf yolu ilə uğurla irəliləyərək avanqard dövlətlər sırasında yer almışdır.
Azərbaycan bütün beynəlxalq təşkilatlar kimi, Avropa Şurası ilə də sıx əlaqələr yaratmışdır və təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir.

Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcəyi müddət üçün prioritetləri də məlumdur. Ölkəmiz Avropa Şurasının təməl prinsipləri olan insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa, cəmiyyətlərin həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə ciddi diqqət yetirəcək, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcək, təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verəcək, siyasi islahatların həyata keçirilməsi hədəfini yekdilliklə və güclü şəkildə dəstəkləyəcəkdir.

Sədrlik müddətində Azərbaycanda Avropa Şurasına üzv dövlətlərin nümayəndələrinin də iştirakı ilə çoxlu sayda tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Avropa Şurasının yaradılmasının 65-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu təşkilata sədrliyi üzərinə götürən Azərbaycanın müəyyənləşdirdiyi hədəflərə tam şəkildə nail olacağına heç bir şübhə yoxdur. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi uğurlu təcrübəsi bunu deməyə tam əsası verir.
Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olarkən Prezident İlham Əliyev bəyan etmişdi ki, ölkəmiz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəkdir. Bu, belə də oldu. Təsadüfi deyildir ki, bu gün Azərbaycan dünyanın qlobal məsələləri ilə bağlı çox fəal və geniş müzakirələr aparır, ölkəmizin prinsipial mövqeyi beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Beləliklə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü, quruma iki dəfə sədrliyi müddətində qarşıya qoyduğu məqsədlərin reallaşması istiqamətində nümayiş etdirdiyi qətiyyətli siyasi iradə tam əminlik yaradır ki, ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə 6 ay davam edəcək sədrliyi də uğurlu olacaqdır.