YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi "The Military Balance-2014" hesabatında Azərbaycanla bağlı məqamlara aydınlıq gətirdi

London Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun "The Military Balance-2014" hesabatında Azərbaycanla bağlı məqamlar reallıqdan xeyli uzaqdır. Bunu London Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun "The Military Balance-2014" hesabatında Azərbaycan Silahlı Qüvvələri barədə verilən məlumatlarla bağlı bəzi məqamlara aydınlıq gətirilməsi üçün Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə ünvanlanan sorğusuna cavab olaraq bildiriblər.

Müdafiə Nazirliyi bəyan edir ki, hesabatda bəzi uyğunsuzluqlar və yanlış fikirlər diqqəti cəlb edir: “İlk növbədə, bu, Silahlı Qüvvələrin şəxsi heyətinin tamamilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsidir. Belə ki, 2013-cü ilin sonlarından etibarən Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsini müəyyən edən bütün əsas ixtisaslar üzrə vəzifələr müqavilə əsasında mütəxəssis hərbi qulluqçularla komplektləşdirilir və proses bu gün də davam etdirilir. Bu, Silahlı Qüvvələrdə olan müasir silah, texnika nümunələrinin idarə olunmasının yüksək bilikli peşəkarlara tapşırılması və bununla da ordunun daha çevik, daha hazırlıqlı, o cümlədən döyüş hazırlıqlı olması məqsədini daşıyır”.

Müdafiə Nazirliyi bildirir ki, mübahisə doğuran digər məsələ səfərbərlik resurslarının sayının 300 min nəfər göstərilməsidir: “Halbuki bu rəqəm həqiqi göstəricilərdən 3-4 dəfə azdır və ən sadə hesablamalara görə təqribən 1 milyon 200 min nəfər təşkil edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən 2014-cü il ərzində və cari ilin fevral ayınadək olan müddətdə keçirilən irimiqyaslı təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 30 min nəfərədək hərbi vəzifəli təlimlərə cəlb edilməklə hərbi hazırlıqlarını və ixtisas bacarıqlarını təkmilləşdirib. Bu prosesin 2015-ci il ərzində də davam etdirilməsi planlaşdırılır”.

Digər bir məsələ isə Azərbaycan Ordusunun silahlanmasındakı döyüş texnikasının sayı ilə bağlıdır: “Hərbi texnika üzrə əks olunan rəqəmlərə heç bir şərh vermədən qeyd etmək istərdik ki, bütün göstəricilər üzrə, o cümlədən döyüş tankları, zirehli maşınlar, artilleriya qurğuları, döyüş təyyarələri və helikopterlərin sayına görə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın öz ərazisində, həm də Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirdiyi qüvvələrdən keyfiyyət və kəmiyyət baxımından qat-qat artıqdır və kifayət edəcək həddədir. Bu səbəbdən də hesabatdakı Azərbaycan və Ermənistan ordularının müqayisəli cədvəlində əks olunan rəqəmlərin dəqiqliyi şübhə doğurmaqla yanaşı, reallıqdan da xeyli uzaqdır”.