YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir

"Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir. Regionlarda yeni sənaye məhəllələrinin yaradılması bunun bariz nümunəsidir". Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Eldar İbrahimov bildirib ki, ötən illər ərzində qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılması dövlətin prioritetlərindən biridir. Müasir istehsal infrastrukturuna malik sənaye məhəllələrinin yaradılması ölkəmizdə sənayenin, eyni zamanda, iqtisadiyyatın davamlı inkişafını təmin edən əsas amillərdəndir. Sənaye məhəllələrinin bölgələrdə yaradılmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bölgələrdə yaşayan əhalinin məşğulluğu təmin edilir, nəticədə, insanların sosial-rifah halı yaxşılaşır. Ölkədə sənaye məhəllələrinin yaradılması Prezident İlham Əliyevin imzaladığı müxtəlif sərəncamlarla təsdiq edilmiş ölkədə sənayenin inkişafına dair Dövlət proqramlarına əsasən, həyata keçirilir. Bu baxımdan Hacıqabul rayonuna səfəri zamanı Prezident İlham Əliyevin açılışını etdiyi Hacıqabul Sənaye Məhəlləsinin istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Burada müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub, yük və xüsusi təyinatlı avtomobillər, plastik su qabları, müxtəlif növ gübrələr və digər məhsullar istehsal edən müəssisələr yaradılıb. Sənaye məhəllələrinin yaradılması daxili tələbatı ödəməklə yanaşı, ölkə iqtisadiyyatının ixrac imkanlarının, eləcə də rəqabətqabiliyyətliliyinin artmasına xidmət edir.

Kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən ən mühüm işlərdən birinin ölkənin müxtəlif bölgələrində aqroparkların yaradılması olduğunu diqqətə çatdıran E.İbrahimov qeyd edib: "Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri çərçivəsində "Aqro Dairy" MMC-nin aqroparkının və "Azərsun Şamaxı Aqropark"nın açılışında iştirak etməsi dövlət başçısının bu sahəyə olan diqqətindən xəbər verir. Aqroparkların yaradılması istehsal, emal, logistikanın bir müəssisədə cəmləşdirilməsi deməkdir ki, bu da özlüyündə işlərin səmərəliliyini və məhsuldarlığı artırmış olur".

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısının Hacıqabul rayonunun Meyniman kəndi ərazisində fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesinə start verilməsi tədbirində iştirak etməsi Prezidentin kənd təsərrüfatının inkişafına və fermerlərə xüsusi diqqətlə yanaşmasının göstəricisi kimi qəbul edilməlidir. "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib və proqrama əsasən, bu sahədə son illər ərzində mühüm irəliləyişlər əldə edilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Fermerlərə dövlət tərəfindən davamlı dəstəyin göstərilməsi və imtiyazların edilməsi, əkinəyararlı sahələrin artırılması, meliorasiya işlərinin müasirləşdirilməsi kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdəndir.

Yeni istifadəyə verilən Hacıqabul-Muğan avtomobil yolunun önəmindən də danışan millət vəkili söyləyib ki, Prezident İlham Əliyevin açılışını etdiyi bu yolun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasındakı nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımalarının asanlaşmasına müsbət təsir edəcək. Ümumiyyətlə, son illər ölkəmizin hər bir bölgəsində yol infrastrukturu yenidən qurulur, yeni yolların, xüsusilə də kəndlərarası yolların tikintisi həyata keçirilir. Müasir yol infrastrukturunun qurulması insanların da həyat şəraitinin yaxşılaşdırılmasına töhfəsini verir və əhali tərəfindən böyük sevinclə qarşılanır. Bu sahədə görülmüş işlərə əsasən, əminliklə deyə bilərik ki, Azərbaycan müasir yol-nəqliyyat infrastrukturuna malik ölkələrdən biridir.