YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Ölkəmiz artıq sənayedə yeni və rəqabətli məhsulların ixracını həyata keçirir

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün yeni imkanlar yaradır”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, son günlər dövlətimizin başçısının iştirakı ilə xüsusən də qeyri-neft sektoru üçün vacib olan müəssisələrin açılışı həyata keçirilir. Hacıqabulda sənaye məhəlləsinin yaradılması Azərbaycanda sənayeləşməyə dövlət dəstəyinin təzahürü kimi xarakterizə olunmalıdır.

Millət vəkilinin sözlərinə görə, sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar genişmiqyaslı yeni güzəştlərdən istifadə etmək imkanına malikdirlər. Bu, bir tərəfdən həmin məhəllələrə yerli investisiyanın cəlb edilməsinə imkan verir, digər tərəfdən sahibkarlara dövlət dəstəyindən daha geniş faydalana bilmələrinə şərait yaradır. Bu, həm də regionların inkişafı baxımından vacibdir.

V.Bayramov qeyd edib ki, sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar dövlət dəstəyi ilə yeni iş yerlərinin yaradılmasını həyata keçirirlər: “Bu, yerli istehsalın və ixrac imkanlarının genişləndirilməsinə xidmət edir. O baxımdan həyata keçirilən siyasət həm məşğulluğun təmin olunmasına, digər tərəfdən Azərbaycanın istehsal və ixrac imkanlarının artırılmasına gətirib çıxarır. Yeni müəssisələr sənayedə və bütövlükdə real sektorda kifayət qədər prioritet istiqamətlər üzrə yaradılıb. Elektrik enerjisi istehsalı sahəsində yeni yarımstansiyaların istifadəyə verilməsi, Azərbaycanın elektrik enerjisi istehsalı və ixrac imkanlarının artırılması ondan xəbər verir ki, ölkəmiz artıq sənayedə yeni və rəqabətli məhsulların da ixracını həyata keçirir”.