YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbinə Xasayeva: “Cənubi Qafqaza yeni baxış: müharibədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda regionun gələcək perspektivi diqqət mərkəzində oldu

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən hər tədbir miqyasından və istiqamətindən asılı olmayaraq həmişə beynəlxalq ictimaiyyəti maraqlandırıb. Bu tədbirlər mahiyyəti etibarilə həm də azərbaycançılığın tezislərini əhatələyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan Ordusu həll etdi. Azərbaycanın torpaqları işğaldan azad edildi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü təsdiqlədi, Ali Baş Komandanın sərkərdəlik qabiliyyətinin səviyyəsini göstərdi, Ermənistan ordusu darmadağın edildi”. Bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: müharibədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışında qeyd edib ki, ermənilər işğal etdikləri ərazilərdə Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək istəyirdilər. Ölkə başçısının bu fikirləri erməniliyin mahiyyətini göstərir. Konfransda ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza Azərbaycanın apardığı müharibəni məntiqi baxımdan ədalətli müharibə adlandırdı: “Siz təmkinli şəkildə müharibə apardınız.” Bu fikirdə 2020-ci ilin sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatına – Vətən müharibəsinə bəraət çaları hiss edilir. Bu fikri tamamlayan “Siz müharibənin hərbi fazasını Şuşadakı Qələbənizdən sonra dayandırmaqla strateji baxış nümayiş etdirdiniz” – fikri Azərbaycan Prezidentinin bəşəri siyasətini dəstəkləməkdir.

Millət vəkilinin sözlərinə görə, konfransda Azərbaycan Prezidentinə ünvanlanan suallar, ölkə başçısının bu suallara cavabları da Azərbaycanın xarici siyasətinin istiqamətlərini xarakterizə edir: “Azərbaycan Prezidentinin Türkiyənin İstanbul Altınbaş Universitetinin rektoru, Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrə Prezident Şurasının üzvü Çağrı Arhanın “Cari hadisələrin inkişafından, cari vəziyyətdən və regionda dinamikaya ehtiyac duyulduqdan sonra Siz hələ də Minsk qrupuna ehtiyac olduğunu və belə bir qrup olarsa, bu qrupun funksiyasının nədən ibarət olacağını düşünürsünüz?” – sualına verdiyi cavabı Azərbaycan dövlətçiliyinin cavabı hesab edirik: “Mən Minsk qrupunun bəzi nümayəndələri ilə tamamilə razı deyiləm. Onlar münaqişənin həll edilməli olduğunu deyirlər. Münaqişə artıq həll olunub. Əgər mən münaqişənin həll edildiyini deyirəmsə, bu, onun həll olunduğu deməkdir. Əgər Ermənistan münaqişənin həll olunmadığını deyirsə, onda mən Ermənistan tərəfindən münaqişənin həllini necə gördüklərini, bizim nələr etməli olduğumuzu soruşa bilərəm. Beləliklə, onların özlərinin nəsə düşünmələrini, kreativ olmalarını, dəstək verməli olduqlarını hesab edirəm”. Bu cavab Vətən müharibəsində ordunun göstərdiyi qətiyyətin məntiqi davamıdır. ADA universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans Azərbaycanın xarici siyasətinə beynəlxalq ehtiramın yeni bir təzahürüdür”.