YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Səfərov: Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin ölkəmizə verilməməsi müharibə cinayətidir

“Azərbaycan Respublikası parlaq qələbə ilə nəticələn 44 günlük Vətən müharibəsindən sonra əvvəllər işğal altında olmuş ərazilərdə böyük quruculuq işlərinə start vermişdir və yaxın zamanda irimiqyaslı layihələri həyata keçirəcək. Ancaq silahlı münaqişənin Ermənistanın kapitulyasıyası ilə nəticələnməsinə baxmayaraq, hələ də mənfur qonşularımız öz çirkin əməllərindən əl çəkmirlər. Minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməməsi bunun bariz nümunəsidir”. Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov deyib.

Nizami Səfərovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, ümumiyyətlə minaların və xüsusi olaraq piyadalar əleyhinə minaların qadağan edilməsi üzrə beynəlxalq səviyyədə həyata keçirilən kampaniya, qlobal səviyyədə ən mühüm humanitar təşəbbüslərdən biri kimi yadda qalmışdır. Minaların geniş miqyasda yayılmasının nəticəsi olan ciddi humanitar böhrana cavab olaraq 10 oktyabr 1980-cı ildə BMT çərçivəsində Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçməyən hesab edilə bilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında Konvensiya (I, II və III saylı Protokollar daxil olmaqla) və 1997-ci il 18 sentyabr tarixində Kanadanın paytaxtı Ottava şəhərində Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya qəbul olunub. Birinci Konvensiya 2 dekabr 1983-cü ildə qüvvəyə minib və onun 125 iştirakçısı var, ikinci Konvensiya isə 1 mart 1999-cu ildə hüquqi qüvvəyə minib və hal-hazırda bu beynəlxalq sənədinin iştirakçı dövlətlərinin sayı 164 çatmışdır. Ermənistan bu Konvensiyaları imzalamayıb  ratifikasiya etməsə də, hətta bu mühüm müqavılələrin iştirakçısı olmayan dövlətlər qeyd edilən hər iki konvensiyanın beynəlxalq adət hüququna əsaslanmasını rəhbər tutaraq, onların müddəalarına mütləq formada riayət etməlidirlər.   

Deputat qeyd edib ki, ümumiyyətlə silahlı münaqişələr hüququnda minaların istifadəsinin məhdudlaşdırılması beynəlxalq adət hüququ norması statusunu əldə edən bir necə mühüm prinsipdən irəli gəlir. Birincisi, fərqləndirmə prinsipidir. Yaxşı məlumdur ki, beynəlxalq humanitar hüququn təməlində mülki şəxslərlə kombatantların (münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan şəxsi heyət) fərqləndirilməsi durur.

12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarına “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolunun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi “mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini” beynəlxalq humanitar hüququn ciddi pozuntusu və müharibə cinayəti kimi qiymətləndirilir. Məsələ burasındadır ki, minalardan istifadə müvəqqəti xarakter daşıyır və yalnız müharibə dövrü ilə məhdudlaşır. Müharibənin bitməsi mina təhlükəsinin aradan qaldırılmasını mütləq formada özündə ehtiva edir. Ermənistan 6 iyun 1993-cü ildə Cenevrə konvensiyaları və onların I və II saylı Əlavə Protokollarına qoşularaq, həmin sənədlərdən irəli gələn bütün hüquqi öhdəliklərə riayət etməli olduğu halda, yalnız hüquqi məsuliyyətsizlik nümayış etdirir. Bunu təsdiq etmək üçün həmçinin Ermənistanın 17 may 2005-ci ildə qoşulduğu “Beynəlxalq müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının ən vacib müddəaların pozulmasına istinad etmək olar. Sonuncu Konvensiyanın 26-cı maddəsində “pacta sunt servanda” prinsipini əks etdirən “qüvvədə olan hər bir müqavilə onun tərəfləri üçün məcburidir və onların tərəfindən vicdanla yerinə yetirilməlidir” müddəasına Ermənistan tərəfindən məhəl qoyulmaması, sivil dövlətlərin davranış qaydalarını müəyyən edən beynəlxalq hüquq müqavilələrinin bu dövlət üçün yalnız əhəmiyyətsiz kağız parçası olmasının bariz nümunəsidir. Əlbəttə ki, militarist siyasəti yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, etnik təmizləmələr, soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədən Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət edilməsini gözləmək sadəlövhlük olardı.     

Mülki şəxslərlə kombatantların fərqləndirilməsi Ottava konvensiyasında da öz əksini tapıb və həmin sənədin ayrılmaz tərkib hissəsi olan Preambulasına daxil edilib. Həmçinin 1980-cı il tarixli Konvensiyaya dair Minalar, tələ-minalar və digər qurğuların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında II saylı Protokolun 3-cü maddəsinin 2-ci hissəsində də hədəf seçməyən, yəni mülki əhali ilə legitim hərbi hədəfləri fərqləndirməyən, mülki şəxslərin təsadüfi ölümlərinə və ya yaralanmalarına səbəb olan, silahların tətbiqi qadağan edilir.        

İkinci mühüm humanitar prinsip, mütənasiblikdir. Həmin prinsip Cenevrə konvensiyalarına I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin “b” bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyanın vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasıb olmayan hücumlar qadağandır. Yuxarıda istinad edilən 1980-cı il tarixli Konvensiyaya Minalar əleyhinə II saylı Protokol və 1997-ci ildə qəbul olunmuş Ottava Konvensiyası bu prinsipə əsaslanırlar. Həmçinin nəzərə almaq lazımdır ki, həmin II saylı Protokolun 10-cu maddəsinə əsasən, fəal hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra münaqişədə iştirak edən hər bir tərəf bütün mina sahələri, minalanmış zonalar, minalar, tələ-minalar və digər qurğular barədə məlumat verməyi öhdəsinə götürür.

Təcavüzkar Ermənistan tərəfindən minalanmış sahələrin xəritələrinin ölkəmizə təqdim edilməməsi beynəlxalq humanitar hüquqda təşəkkül tapmış mülki əhali ilə hərbi hədəflərin fərqləndirilməsi və mütənasıblik prinsiplərini açıq-aşkar pozaraq, müharibə cinayəti kimi tövsüf edilməlidir. Bunun əyani formada hüquqi təsdiqini 1998-ci ildə Roma Diplomatik konfransında qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq cinayət məhkəməsinin Statutunda (Nizamnaməsində) tapmaq olar. Həmin Nizamnaməyə uyğun olaraq “mülki şəxslərin təsadüfi ölümünə və ya xəsarət yetirilməsinə və ya mülki obyektlərə ziyan vurulmasına səbəb olan, əldə edilməsi gözlənilən hərbi üstünlüyə açıq-aşkar mütənasıb olmayan hücumların qəsdən törədilməsi” (maddə 8 (2b, “iv”)), “mahiyyətınə görə hədəf seçməyən və ya lüzumsuz xəsarətlər yetirən və ya artıq iztirablara səbəb olan silah, sursat və texnikanın və həmçinin müharibə üsullarının beynəlxalq silahlı münaqışələr hüququnun əleyhinə tətbiqi” (maddə 8 (2b, “xx”)) müharibə cinayəti hesab edilir və bu əməlləri törətmiş şəxslər cinayət məsuliyyəti daşıyırlar.