YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçilməz saydıqları səddlər indi Hərbi Qənimətlər Parkının eksponatıdır

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Dövlət başçısı ən vacib bəyanatlarını, ən önəmli açıqlamalarını müəyyən açılış və yaxud da görüşlərdə verir. Bakının mərkəzində yaradılmış Hərbi Qənimətlər Parkının açılışı zamanı və daha sonra ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda dövlət başçısının verdiyi əhəmiyyətli açıqlamalar regionun bundan sonrakı inkişafının konturlarını təşkil etməkdədir.

Hər zaman inandığım və müdafiə etdiyim bir fikir vardır. Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin xüsusi bir təbliğata ehtiyacı yoxdur. Onun fəaliyyəti nəinki ölkə sərhədləri daxilində, hətta digər xalqlar və liderlər üçün də nümunə təşkil etməkdədir. Vətən Müharibəsi bir daha bütün dünyaya bizim gücümüzü, qüdrətimizi nümayiş etdirdi.

Heç kimə sirr deyil ki, artıq müharibə bitib, lakin indi o mərhələdəyik ki, bir daha müharibə olmasın və yaxud da müharibə sözünü düşmən bir daha dilinə gətirməsin deyə lazımi və strateji addımlar atılır. Yadınızdadırsa, müharibə vaxtı cənab Prezidentin bir daha ermənilər nəinki hücum etmək, hətta Azərbaycan tərəfə baxmağa cəsarət etməməlidir fikri daha da möhkəmlənir. Bunun üçün ilk əvvəl müharibə meydanında qələbə çalmaq lazım idi. Daha sonra o qələbəni sənəd üzərində təsdiq etmək ki, bunu ermənilər imzalamağa məcbur oldular. Bakının mərkəzində hərbi paradın keçirilməsi, dünya mediasına səlis və ətraflı informasiya ötürülməsi və nəhayət sonda Hərbi Qənimətlət Parkının təşkili kimi addımlar düşmənə başını qaldırmağa imkan verməməklə ona revanşist hisslərin nə ilə nəticələnəcəyini anlatmağa kifayət edəcək silsiləli hücum taktikasının hissələridir. Diqqətlə nəzər yetirdikdə, prosesi ümumi dəyərləndirəndə görürsən ki, atılmış addımlar dəqiq hesablanmış müdrik siyasətin tərkibidir. Bundan da daha dərin uğurlarımız mütləq olacaqdır.

İlk öncə onu deyim ki, Hərbi Qənimətlər Parkı cənab Prezidentin 11 noyabr 2020-ci il tarixli sərəncamı əsasında yaradılmışdır. Şəhərin mərkəzində geniş bir ərazini əhatə edən parkda real döyüş səhnələri qurulmuş, düşmənin canlı qüvvəsi, hərbi texnikası, istehkamlar, minalanmış sahələr, düşmən səngərləri, daldanacaqlar və əlbəttə, düşmənin qəddar, işğalçı siması ustalıqla canlandırılmışdır. Bu parkı ziyarət edən hər bir yerli və yaxud xarici qonaq dövlətimizin hərbi qüdrətinin, siyasi iradəsinin və dəmir yumruğunun əyani şahidi olacaqdır. Yaradılmış real səhnələr dövlətimizin qüdrətinin bədii və təbii ifadəsidir. Burada olan hər bir azərbaycanlı və yaxud da xarici qonaq ermənlərin əsl simalarını və əldə etdiyimiz qələbənin miqyasını öz gözləri ilə görəcəklər. Əsrlər boyu yaratdıqları "yazıq və məzlum" adlı maska artıq yırtılmışdır. Onlar heç dırnaq arasında belə əsla qəhrəman deyillər. Bunu demək üçün əllərində heç bir əsas qalmayıb. Keçilməz saydıqları səddlər indi ancaq Hərbi Qənimətlər Parkında eksponat kimi sərgilənir.

Vurğulamaq lazımdır ki, parkın hər bir elementi, hər bir küncü, bucağı, sərgilənən hər bir eksponat maraqlıdır. İlk öncə ona görə ki, hər bir məqam real döyüş bölgəsindən gətirilib və cəmi bir neçə ay əvvəl müharibənin ən qaynar nöqtələrində düşmən tərəfindən istifadə olunan hərbi avadanlıqlardır, silah-sursatdır. Lakin bir məqam var ki, o məqam xüsusi mənəvi-psixoloji əhəmiyyətə malikdir. Azərbaycanlılar Qarabağdan köçməyə məcbur olarkən işğalçılar mülki maşınların nömrələrini bir divarın üzərində toplayıb, riyakarcasına Azərbaycan xalqının hissləri ilə oynamışdılar. Yeni salınmış parkda sərgilənən erməni hərbi maşınlarının dövlət nömrə nişanlarının üzərində asılı olduğu löhvə bir daha onu sübut edir ki, xalqımıza qarşı edilmiş heç bir hörmətsizlik, ədalətsizlik və cinayət cavabsız qalmamışdır və bundan sonra da qalmayacaqdır. Lakin bir fərqlə, biz öz intiqamımızı döyüş meydanında düşmən hərbiçilərindən və hərbi maşınlarla açıq mübarizədə qəhrəmanlıqla almışıq.

Cənab Prezidentin toxunduğu başqa bir maraqlı məqam isə ixracı qadağan olunmuş "İsgəndər-M" raketinin Şuşada tapılmış qalıqlarıdır. Ermənistan kimi qeyri-ciddi bir ölkəyə bu qədər böyük dağıdıcı gücə malik silahın verilməsi nəinki Azərbaycan, bütün region dövlətləri üçün təhlükədir. Bu silah ölüm saçır. Bu silah milyonlarla dollar qiymətindədir. Suallar var və bu suallara bütün müstəvilərdə dövlətimiz və dövlət başçımız cavab axtarır. Onun qətiyyətinə isə bütün dünya bələddir. Bu günə qədər qarşısına qoyduğu bütün hədəflərə çatan  möhtərəm Prezident bu sualına da cavab tapacaqdır.

Parkın ilk qonaqlarının tərkibi və orada səslənən fikirlər həmin parkın özü qədər əhəmiyyətli idi. Vətən Müharibəsində qəhrəmancasına canlarını vətənə qurban verənlərin təltif olunması və cənab Prezidentin münaqişənin istər tarixi, istər bu günü, istərsə də sabahı ilə bağlı fikirləri cəmiyyətimizdə və dünyada çox maraqla izlənilir. Ermənistan ordusu demək olar ki, yox dərəcəsindədir. Biz onları döyüş meydanında məhv etmişik. Özlərinin etiraf etdikləri kimi on min fərarisi olan bir ordunun mənəvi haqqı çatmamalıdır ki, revanşist hisslərlə yaşasın. Lakin belə axmaq xülyalara qapılanlar dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Bizim ordumuz ən müasir silahlarla təmin olunub. Bizim bir neçə xarici mənbə ilə yanaşı ölkə daxili istehsalatımız da var. Siyasi münasibətlərimiz və iqtisadi qüdrətimiz imkan verir ki, hərbi arsenalımızı daha da gücləndirək.

Cənab Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin böyük xidmətləri ilə yanaşı tarixi səhvlərini də açıq dilə gətirməsi vacib amildir. İrəvanın AXC hakimiyyəti illərində Ermənistana verilməsində güzəştə gedilməsi və daha sonra Azərbaycan SSR-nin Zəngəzuru Ermənistana verməklə Naxçıvan və Türkiyə ilə coğrafi əlaqələrimizin kəsilməsinə səbəb olması tarixi faktdır. Biz bir daha bu səhvləri təkrar etməmək üçün gənclərimizi maarifləndiririk və beynəlxalq qanunların, insan hüquqlarının bizə verdiyi tarixi torpaqlarımızda yaşamaq hüququnu özümüzdə saxlayırıq.

44 günlük Vətən Müharibəsindən sonra əlbəttə, deyə bilmərik ki, biz bütün suallara cavab tapmışıq. Cənab Prezidentin özü də vurğulamışdır ki, bir sıra suallar qalmaqdadır. Lakin biz artıq diqtə edən tərəf kimi bir daha eyni taleyi və tarixi yaşamamaq üçün hərbi, siyasi, iqtisadi, sosial və diplomatik addımlar atırıq. Bizim dünyadan heç olmasa münaqişədən sonrakı mərhələ üçün ədalətli mövqe tələbimiz var. Biz ATƏT-in Minsk Qrupundan azad olunmuş ərazilərdə məskunlaşmanın təşkili ilə bağlı təkliflər gözləyirik, biz minalanmış ərazilərlə bağlı beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş qanunların icra edilməsini tələb edirik, biz UNESCO-nun mədəni abidələrimizə və şəhərlərimizə qarşı edilmiş vəhşiliklərə qarşı ədalətli yanaşmasını istəyirik. Əlbəttə, münaqişəni özümüz həll etdiyimiz kimi bu sualların da cavablarını tapacağıq. Lakin beynəlxalq qanunların bizə verdiyi fundamental hüquqlarımızın təmin olunmasını tələb edirik.

ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda cənab Prezidentin səsləndirdiyi bir çox məqamla yanaşı “biz Zəngəzura qayıtdıq, İrəvana da qayıdacağıq” fikri böyük tarixi əhəmiyyətə malikdir. Təəssüf ki, bizim tarixi torpaqlarımız başqa bir dövlətin legitim sərhədləri daxilində qalıb. Buna görə bizim suveren dövlətin sərhədlərinə qarşı heç bir iddiamız yoxdur. Lakin o ərazilərdə fərdi yaşayış hüquqlarımız qalır və biz bu hüquqlarımızı bərpa etmək üçün mübarizəmizə davam edəcəyik.

Yeni dövrdür və yeni reallıqlar meydana çıxmışdır. Ermənistanı saldığımız dalandan ancaq biz çıxarda bilərik. Əlbəttə, Azərbaycan və Türkiyəsiz Ermənistanın izolyasiyasının aradan qalxması mümkün deyildir. Bütün regionun və ən əsas da özünün bir dövlət kimi inkişafı, varlığının davam etməsi naminə Ermənistan torpaq iddialarından əl çəkməli və regionda sülhü, əməkdaşlığı dəstəkləməlidir. Bu onun son fürsətidir.