YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin apardığı milli maraqlara söykənən cəsarətli siyasət sayəsində Azərbaycan daha böyük qələbələrə imza atacaq

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Pərvin Kərimzadə

Müstəqil Azərbaycanın qələbələr, nailiyyətlərlə dolu tarixinin yeni səhifələri bu gün ölkə Prezidenti İlham Əliyevin milli maraqlara söykənən düşünülmüş praqmatik siyasəti sayəsində yazılır. 2018-ci ildə ölkəmizin ən mühüm siyasi hadisəsi olan 11 aprel prezident seçkilərinin keçirilməsinin  üç ili tamam olur. Ötən illərin hər ayı, hər günü müdrik xalqımızın Ulu Öndər Heydər Əliyevin layiqli varisi cənab İlham Əliyevə yenidən etimad göstərərək ölkə Prezidenti seçməkdə yanılmadığını bir daha təsdiq etdi. Vətəndaşlarımız, həmçinin milli maraqlara söykənən düşünülmüş siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyə, dayanıqlı və dinamik inkişafa, xalq-iqtidar birliyinə növbəti dəfə səs vermiş oldular.

Dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə iqtisadiyyatımızın dayanıqlılığı təmin olundu, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atıldı. Bütün istiqamətlər üzrə əldə edilən böyük nailiyyətlər, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində vətəndaşların mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsi xalqımız tərəfindən yüksək qiymətləndirildi. 2018-ci il aprelin 18-də keçirilən andiçmə mərasimində cənab İlham Əliyev ölkəmizdə islahatların dərinləşdiriləcəyini, vətəndaşlarımızın yaşayış səviyyəsi yaxşılaşdırılmasına yönələn addımların genişləndiriləcəyini bəyan etmişdi. Bu müddətdə cənab Prezidentin mütərrəqi xarakterli qərarları əhalinin bütün təbəqələrini əhatə etdi. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum əməkhaqqı və pensiyalar artırıldı. Problemli kreditlərin həlli ilə əlaqədar dövlət başçısının imzaladığı məlum Fərman və digər qərarlar da vətəndaşlarımız tərəfindən böyük məmnunluqla qarşılandı. Bütün bunlar dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını təsdiqləyir

Ölkəmizdə həyata keçirilən uğurlu siyasət xalq-iqtidar birliyini daha da gücləndirdi. Məhz milli birliyimiz sayəsində Azərbaycan Böyük zəfərə imza atdı. Müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında rəşadətli Ordumuz 44 gün ərzində düşmən ordusunu diz çökdürdü, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq qurumların qəbul etdiyi, uzun illər masa üzərində qalaraq lazımsız kağız parçasına çevrilmiş qərarları yerinə yetirdi. Cənubi Qafqazda beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş normalarını və prinsiplərini bərpa etdi. Möhtəşəm Qələbə dövlətimizin başçısı İlham Əliyevin adını yenilməz Sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran Prezident kimi tarixə həkk etdi. Düşmən üzərində böyük Qələbəmiz yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi ilə yanaşı, 17 il əvvəl Prezident İlham Əliyevin söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözlərinin tam təsdiqi oldu.

Bu illər  ərzində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü və praqmatik siyasət sayəsində Azərbaycanın qüdrətinin artması ölkəmizin Vətən müharibəsində parlaq Qələbəsini təmin etdi. Azərbaycanın Qalib Lideri bir daha təsdiq etdi ki, daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən, reallıqla səsləşən təşəbbüslərə imza atılıb.

Hər zaman xalqına arxalanan, xalqdan güc alan Prezident İlham Əliyev “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm” deyib, imzaladığı fərman və sərəncamların, həyata keçirdiyi çoxsaylı tədbirlərin, gördüyü bütün işlərin kökündə vətəndaş amili, milli maraqlar dayanıb. Məhz buna görə 2003-cü ildə Prezident İlham Əliyevin qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflər bu gün istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda, reallığa çevrilib. Məhz son 17 ildə həyata keçirilən məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət, Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı iqtisadi inkişafa nail olub, dünyadakı nüfuzunu daha da artırıb, beynəlxalq aləmdəki reytinqi mütəmadi olaraq yüksəlib və dünyanın inkişaf etmiş dövlətləri sırasına addımlayıb, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə, söz sahibinə çevrilib.

Bu gün Azərbaycan xalqı tam əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz indiyədək olduğu kimi, bundan sonra da dövlətimizin başçısının böyük uzaqgörənliklə müəyyənləşdirdiyi istiqamətlərin hər birində – istər hərbi, istər siyasi müstəvilərdə, istərsə də iqtisadi sahədə davamlı olaraq inkişaf edəcək, daha böyük qələbələrə imza atacaq. Prezident İlham Əliyevin apardığı milli maraqlara söykənən cəsarətli siyasəti sayəsində formalaşan xalq-iqtidar birliyi buna tam təminat verir.