YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında Vətən müharibəsinin qazisi Əzizli Nicatbəy Əliqismət oğlu ilə görüş keçirildi

Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən, 44 gün ərzində Füzuli və Cəbrayıldan başlayaraq Şuşaya qədər Şanlı Zəfər yolu keçən Səbail rayonunun qazisi Əzizli Nicatbəy Əliqismət oğlunun anadan olduğu gündür.

28-ci doğum gününü qeyd edən qəhrəman qazimiz Əzizli Nicatbəy Əliqismət oğlu Vətən müharibəsində manqa komandiri kimi ön cəbhədə ağır döyüşlərdə iştirak edib və şücaətlə döyüşüb. Birinci dəfə oktyabrın 7-də yaralanan Nicatbəy müalicədən sonra yenidən ön cəbhəyə yollanıb və noyabrın 4-də Xocalı rayonunun Şuşakənd inzibati ərazisi uğrundakı döyüşlərdə ikinci dəfə ağır yaralanıb. Bir neçə gün itkin olan, uzun axtarışlardan sonra huşsuz vəziyyətdə tapılan Nicatbəy 5 gün komada qalıb, gözünü açandan sonra 4 gün danışa bilməyib və ailə üzvlərini tanımayıb. Bu gün qəhrəman qazimizin səhhəti çox şükür ki, yaxşıdır və hər an yenidən Vətənə xidmətə hazırdır. Yüksək mədəniyyəti və təvazökarlığı ilə seçilən Nicatbəy yaşadığı çətinliklər haqqında çox danışmağı xoşlamasa da Vətən qarşısındakı xidmətini bu cümlələrlə ifadə edir: “Borcumuzdur. Biz Mübarizimizdən, Fəridimizdən, Poladımızdan ruh alıb döyüşlərə girirdik. Cənab Prezidentimizin dəmir yumruğu havaya qalxdıqca, biz də irəli gedirdik. Yenə əmr gəlsə yenə gedərik, yüz dəfə əmr verilsə, yüz dəfə də gedərik.”

Nicatbəyin Vətənə xidməti yüksək qiymətləndirilmiş və qazimiz Əzizli Nicatbəy Əliqismət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur.

YAP Səbail rayon təşkilatında Vətən müharibəsinin qazisi Əzizli Nicatbəy Əliqismət oğlu ilə görüş keçirildi. YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev şəxsən öz adından və YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından qəhrəman qazimizi ad günü münasibətilə səmimi qəlbdən təbrik etdi, Nicatbəyə sağlam uzun ömür, möhkəm cansağlığı arzuladı. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan xalqının qazandığı möhtəşəm Qarabağ Zəfəri haqqında fəxarətlə danışan Ş.Hacıyev bildirdi ki, “Ömrü Allah verir, taleyi də Allah yazır, amma hər birimiz həyatımızı özümüz yaşayırıq. Ömrümüzü də, taleyimizi də kişi kimi şərəflə yaşamaq lazımdır. Nicatbəy kimi qazilərimiz, Vətən uğrunda, Azərbaycanın ərazi bütövlüyü üçün Şəhid olan qəhrəman övladlarımız elə bir şərəfli həyat yaşayıb, elə bir fəxrediləsi döyüş yolu keçiblər ki, Vətən qarşısındakı bu əvəzolunmaz xidməti heç bir elmi dərəcə, vəzifə və ya maddiyyətlə əldə etmək mümkün deyil. Oddan-alovdan keçən və bu gün bizimlə olan igid Vətən oğullarımız, qazilərimizlə fəxr edirik!”

Qəhrəman qazimiz göstərilən diqqətə görə hər kəsə təşəkkür etdi və döyüş yolu haqqında xatirələrini, təəssüratlarını görüş iştirakçıları ilə bölüşdü. Ş.Hacıyev vurğuladı ki, qazilərimizin hərbi təcrübəsi, döyüş yolu gənc nəsil üçün böyük örnəkdir və mütləq orta məktəblərdə, ali təhsil müəssisələrində qazilərimizin gənclərlə görüşləri təşkil olunmalıdır ki, gənc nəsillər yüksək vətənpərvərlik ruhunda yetişsin və qazilərimizin zəngin təcrübəsindən yararlansınlar.

Səmimi söhbət şəraitində keçən görüşdə Nicatbəyə Vətən qarşısındakı nümunəvi, şərəfli xidmətinə görə və ad günü münasibətilə “İlin Gənci” Fəxri plaketi təqdim olundu və qəhrəman qazimizlə xatirə şəkilləri çəkildi.