YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparmağa nail olub

“Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir. Sosial dövlət olan Azərbaycan da özünün geniş iqtisadi-maliyyə imkanlarına əsaslanaraq ölkənin səhiyyə sistemini davamlı şəkildə müasirləşdirməyi və gücləndirməyi hədəfləyib”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan dövləti son bir ildən artıq dövrdə məhz ölkənin daxili imkanlarına əsaslanaraq koronavirus pandemiyasına qarşı milli səviyyədə səmərəli mübarizə aparmağa nail olub. Respublikamızda pandemiyanın mənfi təsirlərini azaltmaq üçün bir sıra prioritetlər müəyyənləşdirilib ki, onların da sırasında insanların sağlamlığının, həyatının qorunması, ölkə vətəndaşlarının sosial müdafiəsinin təmin edilməsi ön planda dayanır. Respublikamızda pandemiyanın elə ilk günlərindən etibarən müəyyənləşdirilən bu kimi prioritetlərə uyğun olaraq ardıcıl şəkildə zəruri səhiyyə və sosial dəstək tədbirləri həyata keçirilir. Pandemiya dövründə respublikamızda heç bir sosial layihə ixtisara salınmayıb, əksinə 2020-ci ildə ölkəmizdə sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb. İndiyədək iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilib. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni ölkə əhalisinin yarısını əhatə edib.

“Azərbaycanda güclü infrastrukturdan bəhrələnməklə həyata keçirilən səhiyyə tədbirlərinin də əhatə dairəsi kifayət qədər genişdir. Respublikamızda pandemiya şəraitində koronavirus xəstələrinin müalicəsi məqsədilə 46 xəstəxana ayrılıb. Bunlar ölkənin ən yaxşı xəstəxanalarıdır. Respublikamızda səhiyyə infrastrukturunun möhkəmləndirilməsi pandemiya şəraitində də davam etdirilir. 2020-ci ilin əvvəlindən bəri Prezident İlham Əliyev bölgələrə səfərləri çərçivəsində bir neçə xəstəxananın açılışında şəxsən iştirak edib. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə modul tipli xəstəxanalar yaradılıb. Beləliklə, Azərbaycan çox qısa müddətdə koronavirus xəstələrinin keyfiyyətli müalicəsini təmin etmək üçün ölkə ərazisində çarpayı sayını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı  Azərbaycanı pandemiyaya qarşı milli səviyyədə nümunəvi şəkildə mübarizə aparan ölkə kimi səciyyələndirib.

Məsuliyyətli dövlət olan Azərbaycan, həmçinin indiki çətin dövrdə qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin möhkəmlənməsində fəal rol oynayır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Məlumdur ki, koronavirus pandemiyasına qarşı ən effektiv mübarizə vasitəsi peyvəndlərdən istifadə olunmasıdır. Azərbaycan əhalinin COVID-19-a qarşı peyvəndlənməsinə başlayan ilk ölkələr sırasında yer alır və hazırda bu proses uğurla davam edir”-deyə, M.İbrahimqızı vurğulayıb.