YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb

Aprelin 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyasına uğurla sədrlik etməsi münasibətilə Volkan Bozkırı təbrik edib. Pandemiyaya rəğmən sədrliyin çox fəal şəkildə həyata keçirildiyi qeyd olunub və bu xüsusda, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə Baş Assambleyanın sədrliyinin dəstəyi məmnunluqla vurğulanıb.

Volkan Bozkır Baş Assambleyanın 75-ci sessiyasının prezidenti qismində ilk səfərlərini reallaşdırdığını bildirib və bu çərçivədə Azərbaycanda olmaqdan qürur duyduğunu qeyd edib. Azərbaycanın həm geostrateji, həm də BMT-yə töhfəsi baxımından vacib ölkə olduğunu ifadə edib. Baş Assambleyanın sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən COVID-19 ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının son dərəcə önəmli toplantı olduğunu söyləyib.

Nazir Ceyhun Bayramov Volkan Bozkıra bölgədəki mövcud vəziyyət, üçtərəfli bəyanatların imzalanması ilə yaranan yeni reallıqlar, işğal amilinin aradan qaldırılması nəticəsində Ermənistan ilə Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.

Tərəflər, həmçinin Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.