YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Zığ qəsəbəsinin sakinləri olmuş, Vətən Müharibəsi şəhidi əsgər İslamlı Ruhid Uğur oğlunun, əsgər İsmayılzadə Məhəmməd Füzuli oğlunun və polkovnik – leytenant Quliyev Rəşad Rəşid oğlunun ailələrini ziyarət etmiş, sovqat aparmış və onların qayğıları ilə maraqlanmışlar.

Hər üç şəhid ailəsini ziyarət zamanı səmimi keçən görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov YAP-ın rayon təşkilatının hər an şəhid ailələrinin yanında olduğunu və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklərini, Cənab Prezidentin və çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan doğma münasibətlərinin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu vurğulamışdır.

“Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Ruhid İslamlının doğum günündə Vüqar Seyidov şəhidin ailəsinə təşkilat adından Vətən Müharibəsi şəhidlərinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidin şəkili toxunmuş xalça və “Anım lövhəsi”ni təqdim etmişdir.

“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Məhəmməd İsmayılzadənin ailəsinə Vüqar Seyidov təşkilat adından Vətən Müharibəsi şəhidlərinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidin şəkili toxunmuş xalçanı təqdim etmişdir.

“Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Rəşad Quliyevin ailəsini ziyarət edən Vüqar Seyidov təşkilat adından 8 yaşı tamam olan şəhidin qızı Dəryanı doğum günü münasibətilə təbrik etmiş, ona hədiyyələr təqdim etmişdir.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirmişlər.