YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı insanlıq əleyhinə cinayətdir” mövzusunda videokonfrans keçirilib (VİDEO)

Martın 31-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı insanlıq əleyhinə cinayətdir” mövzusunda videokonfrans keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olmuş şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Videokonfransda çıxış edən  YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, ermənilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı kütləvi qətliamlar törətmiş, soyqırımı aktları həyata keçirmişlər. Bu cinayət əməllərinin miqyasına və nəticələrinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, bu soyqırımı aktları həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş müxtəlif konvensiyalara əsasən, həm də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı – bəşəriyyət əleyhinə cinayətdir.

Tahir Budaqov qeyd edib ki, XX əsrdə ermənilərin xalqımıza qarşı belə terror aktlarının, milli-etnik zəmində qətliamlarının və soyqırımı cinayətlərinin nümunələri kifayət qədər çoxdur: “Bunlardan biri məhz 31 mart soyqırımı aktıdır. 1905-1907-ci illərdə soydaşlarımıza qarşı baş vermiş kütləvi qətliamdan sonra ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası daha böyükdür. Onlar həmin dövrdə regionda yaranan vəziyyətə uyğun olaraq, bolşevizm ideyalarından sui-istifadə edərək məkrli planlarını həyata keçiriblər. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdilər. Əlbəttə, azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də soyqırımı cinayətləri xüsusi qəddarlıqla həyata keçirilib. Yeri gəlmişkən, Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur”, - deyə vurğulayıb.”

YAP sədrinin müavini Tahir Budaqov bildirib ki, Azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib: “1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirəndə məlum olur ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. 1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib. Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Bunlarla yanaşı, Azərbaycanın tarixi torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan işğalçı – təcavüzkar Ermənistan çoxsaylı müharibə cinayətləri törədib, dinc – sivil insanları qətlə yetirib. Dünya ictimaiyyəti ötənilki 44 günlük müharibədə də Ermənistanın qadağan olunmuş silah-sursatlardan istifadə etməsinə, mülki şəxsləri hədəfə almasına, beynəlxalq hüquq normalarını kobud surətdə pozmasına şahidlik etdi. Bu faktlar erməni vandalizminin daha bir nümunəsi kimi tarixə düşdü”.

YAP sədrinin müavini vurğulayıb ki, ermənilərin xalqımıza qarşı törətdiyi cinayət əməlləri, soyqırımı aktları unudulmur: “Xatırlatmaq lazımdır ki, 31 mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət xalqımızın Ümummilli lideri, dahi şəxsiyyət – müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, üç il əvvəl Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.”

YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır: “Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması da bu baxımdan xüsusi olaraq qeyd edilməlidir. Bütün bu tədbirlərin nəticəsi kimi, ayrı-ayrı ölkələrin qanunvericlik orqanları ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi cinayət əməllərini qətiyyətlə pisləyən qərar və qətnamələr qəbul ediblər. Əlbəttə, bu gün dünya ictimaiyyəti özünü “məzlum xalq” kimi təqdim edərək beynəlxalq ictimai rəyi yanıltmağa çalışan ermənilərin əsl üzünü – barbar və vandal simasını görür, faktlar və həqiqətlər öz sözünü deyir. Azərbaycan dövlətinin ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı hücum diplomatiyası çərçivəsində reallıqların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması erməni yalanlarının ifşası, qarayaxma kampaniyasının iflasa uğradılması baxımından müstəsna əhəmiyyətə malikdir. Əminliklə söyləmək olar ki, 44 günlük müharibədə möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə istər informasiya cəbhəsində, istərsə də siyasi-diplomatik müstəvidə ardıcıl nailiyyətlər qazanacaq, tarixi hadisələri faktlar və həqiqətlər fonunda obyektiv beynəlxalq qiymətin verilməsinə nail olacaq”.

Tədbirdə “1918-ci ildə Azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırım və onun acı nəticələri” mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər: “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də  1918-ci ilin mart ayında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb.”
Tarixçi alimin sözlərinə görə, ötən illər ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Bu soyqırımları ermənilərin xarici havadarları tərəfindən dəstəklənərək, maliyyələşdirilərək, hərbiləşdirilərək həyata keçirilib. Bu prosesin tarixinə gəldikdə isə, qeyd etmək lazımdır ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin iştirakı ilə XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımları törədilib. Yəni bu dövrdən etibarən, hadisələr etnik təmizləmə, deportasiya mərhələsindən soyqırımı mərhələsinə keçib. İlk növbədə, azərbaycanlıların sahib olduqları ərazilər əllərindən alınmağa başlandı. Konkret olaraq, ermənilərin köçürülməsi ilk olaraq İrəvan quberniyası ərazisində başlandı, oraya Naxçıvan qəzasının ərazisi, Zəngəzur qəzasının, Qarabağ xanlığının ərazisi daxil idi. Bu hadisələr isə ona gətirib çıxartdı ki, həmin ərazilərdə ermənilərin sayı 1 milyon 300 min nəfərdən çox oldu. Baxmayaraq ki, Gülüstan sülh müqaviləsinə qədər bu ərazidə 1 nəfər də olsun erməni yaşamayıb”.

Anar İsgəndərov qeyd edib ki, 1918-ci il martın 30-dan aprelin 2-dək Bakı və onun ətraf kəndlərində müsəlman əhalisi məqsədli şəkildə soyqırımına və talanlara məruz qalaraq, 11 mindən artıq günahsız insan qətlə yetirilib: “Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda “Dağıstan”, “İsgəndəriyyə” və “İsmailiyyə”ni yandırmışdılar.
1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92, İrəvan şəhəri və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdi. Lənkəran və Astarada 1000 nəfərdən çox, Salyan və Hacıqabulda 2000 nəfərdən çox, Kürdəmirdə 2000, ümumilikdə 6 minə qədər müsəlman qətlə yetirildi, evləri yandırıldı, əmlakları talan olundu. 1918-ci ilin aprel-may aylarında Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. S.Lalayan və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir neçə gündə 8 minə qədər müsəlman qətlə yetirilmiş, 13 məscid, eyni zamanda, səkkiz əsrlik tarixi olan Cümə məscidi yandırılmışdı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən, ermənilər Şamaxı şəhərində 8100, Şamaxı qəzasının 53 kəndində isə 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq idi.
Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hal-hazırda mövcud deyil”.

Anar İsgəndərov bildirib ki, soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm əhəmiyyət kəsb edir. Bu Fərman ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımına ilk dəfə hüquqi və siyasi qiymət verən sənəddir. Eləcə də, Prezident İlham Əliyevin bir neçə il öncə imzaladığı  “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam da mühüm tarixi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində tarixi ədalət bərpa olundu və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.  
“Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib. Müxtəlif dillərə tərcümə olunan əsərlər ayrı-ayrı dövlətlərin kitabxanalarında var. Biz bununla dünyaya sübut etmək istəyirik ki, əslində, soyqırımına məruz qalan azərbaycanlılardır. Dünya ictimaiyyəti həqiqi soyqırımının ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini bilməli və bunu qəbul etməlidir. Biz həqiqəti deyirik. Və həqiqət uğrunda da mübarizəmizi davam etdiririk. Bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Heç kim tarixi saxtalaşdıra bilməz”,-deyə millət vəkili vurğulayıb.

 “Qərbi Azərbaycanda azərbaycanlı əhaliyə qarşı genosid siyasəti” mövzusunda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli bilidirib ki, tarixdə çox az fakt tapmaq mümkündür ki, bir əsrdə bir xalq digər xalqı etnik və dini mənsubiyyətinə görə, ən azı dörd dəfə soyqırımı və deportasiyaya məruz qoysun və buna görə də heç bir hüquqi və siyasi məsuliyyət daşımasın. Ermənilər XX əsrdə xalqımıza qarşı dörd dəfə belə vandalizm hərəkətində olublar: 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-ci ildən 2020-ci ilə qədər. Buna görə də 1918-ci ilin 31 mart günü tariximizə azərbaycanlıların soyqırımı günü kimi daxil olsa da, bu soyqırımı təkcə həmin tarixlə və təkcə Bakı şəhərində minlərlə dinc azərbaycanlı əhalinin ermənilər tərəfindən soyqırımına məruz qalması ilə məhdudlaşmır. Xalqımıza qarşı bu soyqırımının ilk mərhələsi hələ 1905-1906-ci illərdə həyata keçirilmişdir, həm də bütün Azərbaycan torpaqlarında – Bakıda, Naxçıvanda, İrəvanda, Qarabağda, Zəngəzurda, Gəncədə, Qazaxda və s. Bu barədə Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı xatirələrində və başqa mənbələrdə ətraflı yazılıb.

Əziz Ələkbərlinin sözlərinə görə,  1905-1906-cı illərdə olduğu kimi, 1918-1920-ci illərdə də dəhşətli soyqırımına məruz qalmış bölgələrimizdən biri də Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisi, bu ərazidəki bütün tarixi mahallarımız – İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Ağbaba-Şörəyel, Loru-Pəmbək, Dərəçiçək, Dilican, Qaraqoyunlu və s. mahallar olub: “Hər yerdə də ermənilər bu soyqırımını, demək olar ki, eyni ssenari ilə həyata keçiriblər: dinc əhalini iri damlara doldurub diri-diri yandırıblar, insanların qolunu-ayağını kəsərək işgəncə ilə öldürüblər, hamilə qadınların qarnını yarıb, qarnındakı körpəni süngüyə keçiriblər və s. Həm də bu soyqırımları kortəbii yox, planlı şəkildə həyata keçirilib. Belə ki, bütün Birinci dünya müharibəsi dövründə Çar Rusiyası tərəfindən Osmanlı dövlətinə qarşı vuruşan ermənilər 1917-ci ildə Rusiyadakı fevral inqilabından sonra üzlərini Cənubi Qafqaza çevirirlər. General Nazaryanın komandanlığı və general Dronun müavinliyi ilə 35 min nəfərlik erməni korpusu yaradılır. Bu korpus üç diviziyaya bölünür. Bölgüyə görə general Andronikin başçılığı altında 1-ci diviziya Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsində; general Dro və Arişyanın başçılığı altında 2-ci diviziya İrəvan, Üçkilsə, Qurdqulu, Zəngibasar, Gərnibasar, Vedibasar, Dərələyəzdə; polkovnik Silikov-Silikyanın başçılığı altında 3-cü diviziya isə Göyçə mahalında azərbaycanlıların soyqırımını həyata keçirməli idi. Və doğrudan da hər üç diviziya hər üç istiqamətdə öz çirkin niyyətlərini son dərəcə qəddarlıqla həyata keçirdilər. O vaxtın arxiv və tarixi sənədlərində belə faktlar istənilən qədərdir. Məsələn, o vaxt ən dəhşətli qırğınlardan biri də İrəvan çuxurundakı Vedibasar mahalında baş vermişdi. Zəngəzurun Tatev monastırında qərargah salan Andronikin quldur dəstələri 1918-ci ilin dekabrında Vedibasar kəndlərinə də gəlib çıxırlar. O vaxt mahalın aran kəndləri Abbasqulu bəy Şadlinski tərəfindən qorunduğundan ermənilər Dərələyəzdən keçərək mahalın Çanaxçı dərəsindəki kəndlərini mühasirəyə alırlar. Yerli əhalini inandırırlar ki, bölgədə əmin-amanlıq yaratmaq məqsədilə hökumət adından gəliblər. Bu adla kəndlərə girən ermənilər az sonra mahalın Çanaxçı dərəsindəki bütün müsəlman kəndlərində soyqırımı törədirlər. Xüsusilə Şahablı, Qədirli, Qaraxaç və başqa kəndlərin dinc müsəlman əhalisi kütləvi şəkildə qırğına məruz qalır. Ermənilər bu kəndlərin əhalisini son nəfərinə qədər qətlə yetirirlər. Həm də tam bir vəhşiliklə. Bu qırğının əks-sədası uzun müddət eşidildi, çox-çox uzaqlardan dolanıb gəldi. Bu faciə barədə Paris Sülh Konfransının sədrinə ünvanlanmış 16-19 avqust 1919-cu il tarixli məşhur sənəddə də xüsusi bəhs edilmişdir. Həmin sənəddə erməni daşnaklarının Vedibasar mahalında törətdikləri vəhşiliklər barədə oxuyuruq: “...“Van”, “Sasun” adları altında müxtəlif erməni hərbi hissələri müsəlman əhalisini qılıncdan keçirtdi, kəndləri toplardan və zirehli qatardan atəşə tutdular, öldürülənlərin qarnını yırtıb, gözlərini oydular, bəzi cəsədləri yandırdılar, əhalini taladılar, ümumiyyətlə, eşidilməmiş vəhşiliklər etdilər. Yeri gəlmişkən, Vedibasar rayonunda belə bir dəhşətli fakt da baş verdi ki, Qaraxaç, Qədirli, Qarabağlar, Ağasıbəyli, Dəhnəz kəndlərinin kişiləri sonuncu nəfərə qədər qətlə yetirildilər”.

Millət vəkili qeyd edib ki, ermənilər xalqımıza qarşı düşmənçiliklərini sovet dövründə də davam etdirdilər: “Azərbaycanın tarixi torpaqlarında 1918-ci ildə yaradılmış 9 min kv. km-lik tarixdə ilk erməni dövləti – Ararat daşnak respublikası sovet dövründə Azərbaycan torpaqları hesabına birdən-birə üç dəfədən çox böyüdülərək 29,8 min kv. km-ə çatdırıldı. Bundan ruhlanan ermənilər dinc metodlarla azərbaycanlı əhalini dədə-baba yurdlarından sıxışdırıb çıxardılar. 1945-ci ilin noyabr-dekabr aylarında ermənilər İkinci dünya müharibəsindən qalib çıxan dövlətlərin – Rusiya, Amerika və Böyük Britaniyanın dövlət başçılarından Şərqi Türkiyənin alınıb Ermənistana verilməsini istədilər, bu baş tutmayanda İ.Stalindən o vaxtkı Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdilər, bu da baş tutmayanda İ.Stalinə xaricdən erməni əhalinin Ermənistana köçürülməsi barədə sərəncam verməsi üçün yalvardılar və axır ki, buna nail oldular. Heç bir il keçməmiş guya Ermənistanın xaricdən gələn ermənilər üçün darısqallıq etdiyini bəhanə gətirərək İ.Stalindən 100 min nəfər azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana deportasiya edilməsini xahiş etdilər və qısa vaxtda 100 min nəfər əvəzinə 150 min nəfər soydaşımız dədə-baba yurdundan deportasiya olundu”.

Deputat söyləyib ki, 1988-1991-ci illərdə Qarabağ münaqişəsinin ilk mərhələsində Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisindəki 300 min nəfərə yaxın soydaşımız öz tarixi yurdlarından vəhşicəsinə qovuldu. Əslində, bu, deportasiya deyildi, 200-dən artıq insanın qətlə yetirildiyi, 400-dən artıq insanın ağır yaralandığı, evləri, malları-mülkləri zorla əllərindən alındığı, evlərin, kəndlərin od vurulub yandırıldığı, 300-dən artıq məscidin, 500-dən artıq müsəlman qəbristanlığının yer üzündən silindiyi vandalizm aktı – soyqırımı idi. Lakin o vaxt Qarabağ münaqişəsi Qarabağ müharibəsinə çevrilməkdə, Azərbaycanın ərazi bütövlüyü təhdid edilməkdə, soydaşlarımız məcburi köçkünə çevrilməkdə idi və Qərbi Azərbaycan qaçqınları bu ümumi faciə önündə öz faciələrini sinələrində gömməyə üstünlük verdilər.

“Artıq 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə bölgədə yeni bir reallıq yaradıb. Bu reallığın baş qəhrəmanı müzəffər Ali Baş Komandanımız İlham Əliyev, şah əsəri qüdrətli Azərbaycan dövlətidir. Artıq ermənilər təkcə 30 ildə Qarabağda etdikləri vandalizm hərəkətlərinə görə yox, həm də son iki yüz ildə bütün tarixi Azərbaycan torpaqlarında, o cümlədən və xüsusilə Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində xalqımıza qarşı törətdikləri cinayətlərə görə cavab verməlidirlər və verəcəklər”,-deyə Əziz Ələkbərli vurğulayıb.

Tədbirdə daha sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Vaqif Abışov “Gəncə quberniyası, Qarabağ və Güney Azərbaycanda azərbaycanlıların soyqırımı” mövzusunda cıxış edib.

Vaqif Abışov çıxışında Gəncə quberniyasında, Qarabağda və Güney Azərbaycanda azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat verib. O bildirib ki, Rusiya imperiyasında baş vermiş 1917-ci il oktyabr çevrlişindən sonra dünyanın bir hissəsində sosializm cəmiyyəti adlanan bir quruluşun əsası qoyulub. Rusiya imperiyasının əsarəti altında olan müxtəlif xalqlar, o cümlədən Azərbaycan xalqı, bu dövrdə çox böyük və çətin tarixi hadisələrlə üzləşməli olub. Xüsusilə V.İ.Leninin sinfi mübarizə və proletariat diktaturası ideyasının ifrat təbliğatçıları olan Bakı bolşeviklərinin tərkibində ermənilərin üstün olmaları, eləcə də erməni silahlı dəstələrinin Bakıda çoxluq təşkil etmələri azərbaycanlılar üçün ağır nəticələr vermişdi. Ermənilər dinc insanlara qarşı soyqırımı həyata keçirərkən nəinki azərbaycanlılara qarşı, eləcə də Azərbaycanda yaşayan qeyri-azərbaycanlı əhaliyə qarşı da kütləvi qətliamlar, qarətlər, dağıntılar törətmişdilər. Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədlərində Bakı quberniyasının bir çox qəzalarında soyqırım, qarət və yanğınlar zamanı zərər çəkmiş qeyri-müsəlmanların şahid ifadələri ermənilərin cinayətkar əməllərinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir.

Tarixçi alim deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış, 1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının Bakı, Şamaxı, Quba, Zəngəzur, Şuşa və Azərbaycanın başqa şəhər və kəndlərində erməni silahlı dəstələrinin dinc azərbaycanlılara qarşı törədikləri kütləvi qırğınları xalqımıza və o cümlədən, dünya ictimaiyyətinə çatdırmaq üçün topladığı 36 cild və 3500 vərəqdən ibarət sənədlər təşkil edir: “Bakı şəhəri və ətrafında erməni silahlı dəstələri tərəfindən törədilmiş zorakılıq hadisələrini əks etdirən materiallar 6 cild 740 vərəq, Göyçay qəzasının Kürdəmir və başqa kəndləri üzrə 4 cild 340 vərəq, Zəngəzur üzrə 2 cild, 80 vərəq, Şamaxı şəhəri və Şamaxı qəzası üzrə 7 cild 925 vərəq, Quba şəhəri və Quba qəzası üzrə 3 cild 451 vərəq və s. idi. Ə.Xasməmmədovun 1919-cu il iyunun 4-də Ədliyyə nazirinə yazdığı məktubunda müsəlmanlara qarşı törədilmiş cinayətlərin iştirakçılarını məsuliyyətə cəlb etmək məqsədilə tədqiqat materialları əsasında qərar layihələrinin hazırlanması işinə başlanıldığı qeyd olunurdu. Komissiya üzvləri cəmi 128 qərar layihəsi hazırlamışdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ Azərbaycan Xalq Cümhuriyyətinin  ərazisinə daxil idi. Lakin Ermənistan (Ararat) Respublikası Qarabağa torpağına qarşı, heç bir əsası olmayan, iddia irəli sürmüşdü. AXC hökuməti ermənilərin bu iddiasını rədd etməsinə baxmayaraq, ermənilər Qarabağı ələ keçirmək üçün Cavanşir, Cəbrayıl, Zəngəzur, Şuşa qəzalarında azərbaycanlılara qarşı kütləvi soyqırımlarını davam etdirmişdilər. FTK-nın üzvü, milliyyətcə rus olan N.Mixaylov 1919-cu il yanvar ayının 16-da Gəncə quberniyasının Ərəş və Nuxa qəzaları, may ayının 9-da isə həmin quberniyanın Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzası kəndlərinin əhalisi üzərində ermənilər tərəfindən törədilən soyqırımlar, onlara məxsus əmlakların qarət olunması və onların evlərinin yandırılması haqqında topladığı təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlayaraq komissiyaya təqdim etmişdi. FTK Cavanşir qəzası üzrə bir qərar layihəsi hazırlamışdı. Cavanşir qəzası ərazisində ermənilər yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara, qocalara, hətta şikəstlərə belə aman vermədən türk-müsəlmanlara qarşı çoxsaylı cinayətlər törətmişdilər. Məsələn, Umudlu kəndində Süleyman Qazax Aslan oğlu, Məhəmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmiş, sonra isə onların cəsədlərini doğrayaraq hər hissəsini bir yerdən asmışdılar. Şahidlərin ifadələri əsasında FTK Cavanşir qəzasında azəbaycanlılara qarşı vəhşiliklər törədilməsinə rəhbərlik etmiş ermənilərin bir qrupunun adları da müəyyənləşdirilmişdi. 1918-1919-cu illərdə erməni silahlı quldurları Cəbrayıl qəzasında törətdikləri vəhşilikləri haqqında FTK-nın üzvü Mixaylovun məruzəsində geniş məlumatlar verilir. Komissiya Cəbrayıl qəzası üzrə 10 qərar layihəsi hazırlamışdı. Məruzədə 1918-1919-cu illərdə ermənilərin hərbi təcavüzü nəticəsində ziyan çəkmiş Cəbrayıl qəzasının 26 kəndinin siyahısı verilir. Yelizavetpol quberniyasının (Gəncə) ən çox ziyan çəkən qəzasının biri də Şuşadır. Komissiya Şuşa qəzası üzrə – 11 qərar layihəsi hazırlayıb. Komissiyanın məruzəsində şahidlərin ifadələri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanmışdı”.

Vaqif Abışov qeyd edib ki, İran birinci dünya müharibəsində özünün bitərəfliyini elan etməsinə baxmayaraq, onun ərazisində də Türkiyə ilə İngiltərə və Rusiya orduları üz-üzə dayanmışdılar. Burada da ciddi döyüşlər getmişdi. Türkiyə ordusunun bu ərazilərdən geri çəkilməsi erməni quldur dəstələrinin əl-qolunu açmış oldu. Ermənilərin başçısı Ağa Petros və assurilərin dini və hərbi rəhbəri Marşimon öz qüvvələrini birləşdirərək azərbaycanlı əhaliyə qarşı soyqırımı törətmişdilər. Urmiyadakı ermənilər azərbaycan türklərinin evlərinə girərək talan etmiş, sonra isə evlərə od vurub yandırmışdılar. Ermənilər qocaya, uşağa, qadına rəhm etmirdilər. Onlar Urmiyada 500 evə od vurub yandırmışdılar. Əgər birinci dünya müharibəsinin gedişində Rusiya hökuməti öz vətəndaşları olan erməniləri silahlandırmışdılarsa, ingilis və fransızlar Urmiya və Salmas xristianlarını silahlandırmışdılar.

“Seyid Əhməd Kəsrəvinin yazdığına görə bir gün ərzində Urmiyada ermənilər tərəfindən öldürülən azərbaycanlıların sayı 10 min nəfərə çatmışdı. Ermənilərin törətdiyi qırğınlar nəticəsində 130 min Azərbaycan türkü öldürülmüşdü. Salmas, Xoy, Urmiya xarabalığa çevrilmişdi. Son dövrlərdə ermənilərin İranda ingilif-fransız-rus yardımlarından istifadə edərək, Güney Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı törətmiş olduqları soyqırımları ilə bağlı məqalələr və kitablar yazılıb. Bununla əlaqədar olaraq, Səməd bəy Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı”, “İrəvan müsəlman sakinli şəhər olmuş”, Qarabağ tarixin gedişatında”, Məhbub Dadaşpurun “Kazım xan Quşçu”, Tohid Məlikzadə Dilməqaninin “Güney Azərbaycan birinci dünya müharibəsi dövründə - soyqırım” və bu qəbildən olan bir sıra dəyərli kitablar nəşr olunub.

Beləliklə, 1918-ci ildə ermənilər dünya dövlətlərini özlərinin yalan üzərində qurulmuş planlarına inandıraraq, onlardan maliyyə, siyasi və hərbi kömək alaraq yüz minlərlə azərbaycanlını soyqırıma məruz qoyub, onlara məxsus əmlakları qarət edib, evlərini yandırıb, mədəniyyət abidələrini vəhşicəsinə dağıdıb. Erməni silahlı quldur dəstələrinin Türkiyədə, Qüzey və Güney Azərbaycan torpaqlarında dinc insanlara qarşı həyata keçirmiş olduqları soyqırımları heç vaxt unutmamalıyıq”,-deyə tarixçi alim vurğulayıb.

Videokonfransda yekun sözü ilə çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, ermənilərin tarixin ən müxtəlif mərhələlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı etdiyi soyqırım aktlarına çox təəssüf ki, beynəlxalq birlik tərəfindən heç zaman layiqli qiymət verilməyib. Ona görə də, erməni millətçiləri bu vəhşi, vandal xislətlərini XX əsrin sonlarından başlayaraq müasir, müstəqil Azərbaycan  Respublikasının ərazisində də davam etdirmişlər. Bu gün işğaldan azad olunmuş ərazilərimizi ziyarət edən hər kəs həmin torpaqlarda heç nə ilə müqayisə olunmayacaq erməni vəhşiliyinin izlərini müşahidə etməkdədir.    

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı qələbəsi ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. İndi regionda tamamilə yeni reallıqlar mövcuddur. Bu reallıqları Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan yaradıbdır.  Təbii ki,  bu reallıqlar indi hər birimizin qarşısına yeni məqsədlər qoyur, hər bir Azərbaycan vətəndaşının gələcək fəaliyyəti üçün  yeni vəzifələr müəyyənləşdirir. Biz tarixi unutmamalı, onun acı nəticələrindən ibrət götürməli, eyni zamanda yeni çağırışlara uyğun addımlar atmalıyıq.”-deyə, Tahir Budaqov qeyd edib.  

YAP Mərkəzi Aparatının rəhbəri daha sonra bildirib ki, bizim qarşımızda dayanan əsas vəzifələrdən biri azad olunmuş ərazilərimizdə quruculuq –bərpa işlərində fəal iştirak etməkdən ibarətdir: “Azərbaycan Respublikasının Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı proqram xarakterli çıxışı hər birimizin gələcək fəaliyyəti üçün yol xəritəsidir. Cənab İlham Əliyevin Qurultaydakı dərin məzmunlu çıxışından irəli gələn vəzifələr hər bir partiya üzvünün məsuliyyətini müəyyənləşdirir.”

Tahir Budaqov yekunda Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə müvafiq olaraq, hal-hazırda partiyanın  yeni proqramının işlənib- hazırlanması üzərində müzakirələrin davam etdiyini qeyd etmiş və bildirmişdir ki, bu proqramda yeni reallıqlar, eləcə də qarşımızda dayanan vəzifələr öz əksini tapmalıdır.

DİGƏR Partiya xəbərləri Arxiv