YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb

"Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb. Əslində, 10 il bundan əvvəl ideya halında olan, nəhayət, 2014-cü ildən inşa edilməyə başlayan və cəmi altı ildə tikintisi başa çatdırılan 3500 km-lik bir kəmərin belə qısa müddətdə istismara verilməsi özlüyündə ayrıca bir hadisədir. Çünki söhbət heç də sadəcə adi bir enerji layihəsindən getmir. Xəzər, Qara Dəniz, Aralıq Dənizi və Adriatik dənizləri kimi çox geniş və mühüm bir akvatoriyada uzunmüddətli və tamamilə yeni formatda bir əməkdaşlıq platformasından gedir". Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

"Hazırda şahidi olduğumuz geostrateji reallıqlar ondan ibarətdir ki, heç də bütün dövlətlər öz milli resurslarını milli məqsədləri həyata keçirmək üçün realizə edə bilmir. Bəzi dövlətlərdə sabitlik və əməkdaşlıq faktoruna çevirilən karbohidrogen ehtiyatları belə ehtiyatlara sahib olan digər çoxsaylı ölkələrdə dağıdıcı faktora çevirilir. Məsələn Şimali Afrika və Yaxın Şərqin, eləcə də Latın Amerikası ölkələrinin böyük əksəriyyətində neft-qaz ehtiyatları rəqabət və qarşıdurma faktoruna çevirilib. Azərbaycan isə öz ehtiyatlarından beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarıb. Dolayısıyla, regional və qlobal müstəvidə bir çoxlarının edə bilmədikləri uğurları əldə edib", - deyə Hikmət Babaoğlu vurğulayıb.   

Millət vəkili qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinə qədər "Nabucco" və  digər adlarda bir çox bənzər layihələrin həyata keçirilməsi ideyaları olsa da, bunların heç biri baş tutmadı: "Sadəcə, Azərbaycan öz tərəfdaşları ilə XXI əsrin layihəsi hesab edilən belə bir layihəni həyata keçirməyə müvəffəq oldu. Elə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında da bu məsələlərə və layihənin gələcək perspektivlər ilə bağlı mühüm istiqamətlərə toxunuldu. Hər şeydən oncə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin realizə olunması və perspektivi haqqında danışarkən layihənin inşasının başa çatdırılması münasibətilə iştirakçıları təbrik edərək bildirdi ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var. Həmin plan və ideyalar bugünkü iclasda mütləq müzakirə ediləcəkdir. Yeni plan və layihələr isə layihəni təmin edən mənbələrin və onu tərəfdaş ölkələrə çatdıran marşrutların şaxələndirilməsi və beləliklə tərəfdaş ölkələrin sayının daha da çoxalacağı haqqında idi .Bu istiqamətdə isə İonik-Adriatik yaxud Qərbi Balkan istiqamətində görüləcək işlərlə bağlı qəbul ediləcək qərarlar idi. Nəzərə alsaq ki, Qərbi Balkanlar artıq Mərkəzi Avropa ilə kəsişir, o zaman layihənin Cənubi Avropadan Mərkəzi Avropaya qədər uzana biləcəyi qənaətini də ifadə edə bilərik. Bütün bunlar isə layihənin əhəmiyyətininin və tərəfdaş ölkələrin sayının gələcəkdə daha da artması deməkdir".

Hikmət Babaoğlunun sözlərinə görə, ayrıca bir məsələ bu tərəfdaşlıq prosesində Azərbaycanın özünün istehsalçı ölkədən həm də tranzit ölkəyə çevirilməsi hadisəsidir: "Prezident İlham Əliyev qeyd etdi ki, qardaş Türkmənistanla birlikdə istismar ediləcək "Dostluq" yatağından əldə ediləcək resuslar artıq Azərbaycana həm də tranzit ölkə statusu qazandırmış olacaq. Ancaq bu istiqamətdə, şübhəsiz ki, daha yeni və fərqli perspektivlər də var ki, bu da gələcəkdə daha aydın görünəcək. Bütün bunlar isə uzunmüddətli perspektivdə layihəni mənbə ölkə və tərəfdaş ölkələr üçün daha da cazibədar edir".