YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Xəlilova: Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında böyük xidmətlər göstərib

"Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycana öz töhfələrini verib. Onun fəaliyyət dairəsi olduqca əhatəli və şaxəlidir. Azərbaycan mədəniyyətinin, onun imicinin yüksəldilməsində böyük xidmətlər göstərib. Milli-mənəvi dəyərlərin təbliğatı istiqamətində gördüyü işlər ölkənin gələcək həyatının uğurlu nailiyyətləri ilə nəticələnib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Mehriban Əliyeva tərəfindən yaradılan Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub". Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilova deyib. 

H.Xəlilova qeyd edib ki, fevral ayının 11-də Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə çıxışı zamanı bu konfransa dəvəti olunmasını belə dəyərləndirib: “Mən bu dəvəti bizim qadınların təhsil və elmdə iştirakının inkişafı ilə bağlı siyasətimizin yüksək qiymətləndirilməsinin təzahürü hesab edirəm”. 

YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri bildirib ki, Mehriban xanım Əliyevanın bu mötəbər konfransa dəvətinin daha əsaslı, köklü səbəbləri vardır: "Azərbaycan qadınını dünyada ən yüksək səviyyədə təmsil edən Mehriban xanım Əliyevanın ölkəmizdə qadın hərəkatının və dövlət qadın siyasətinin inkişafında, qadın hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının zənginləşməsində, həmçinin sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafında müstəsna rolu, liderliyi, dünyanın lider qadınları arasındakı nüfuzu bütün dünyada olduğu kimi, müsəlman ölkələri arasında da Mehriban xanımın şəxsiyyətinə olan diqqətin əsas səbəbləridir".

H.Xəlilova konfransın mövzusunun əhəmiyyətini vurğulayaraq Mehriban xanım Əliyevanın çıxışı zamanı söylədiyi fikirlərə istinad edib: "Qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiya artıq zərurətə çevrilib. Elm və gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir. ICESCO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi yalnız təşkilat tərəfindən qadınların cəmiyyətidəki roluna verilən əhəmiyyətin təzahürü deyil, həm də qadınların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqir. Biz bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik. Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fərəhlənə bilərik".

Mehriban xanım Əliyeva ölkəmizi konfrans iştirakçılarına müsəlman dünyasının dünyada bir çox ilklərə imza atan dövlət kimi təqdim edib: “Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır. Mehriban Əliyevanın Azərbaycan qadınlarının elm sahəsindəki uğurları haqqında verdiyi məlumatlar ICESCO-nun üzv ölkələri üçün nümunə baxımından böyük əhəmiyyətə malikdir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir. Sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Azərbaycanda bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır”.

YAP Qaradağ rayon Qadınlar Şurasının sədri onu da qeyd edib ki, bir çox azərbaycanlı qadının elmə böyük töhfələr verdiyini və onların elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyi olduğunu qeyd etməklə yanaşı Mehriban Əliyeva tövsiyyələr də verib: “Bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır”.

Elm, texnologiya və innovasiyanın dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsi olduğunu vurğulayan Mehriban xanım Əliyeva, ICESCO-nun xoşməramlı səfiri qismində, bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edib: “Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır”. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konfransda azərbaycanlı qadın və qızların elm sahəsində əldə etdiyi uğurlar haqqında verdiyi məlumatlar müsəlman ölkələrində qadın və qızların elmdə inkişafına böyük dəstək olacaqdır. 

Xatırladaq ki, BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib.

 

DİGƏR Xəbərlər Arxiv