YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri milli mübarizəmizin simvoluna çevrilmişdi

“Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda və Bişkekdə MDB Dövlət Başçılarının Sammitində, eləcə də 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələrdəki çıxışları ilə 44 günlük Vətən müharibəsinin tarixi nəticələri bir-birini tamamlayan uğurlardır. Bu mənada, Prezident İlham Əliyevin həmin çıxışlarında qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri torpaqlarımızın işğaldan azad olunması missiyasının ideya əsasına çevrilmişdi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin işğalçı ölkənin qlobal miqyasda dövlətimizə qarşı apardığı yalan və təxribat xarakterli informasiya siyasətinə vurduğu həlledici zərbə hər zaman qürurla xatırlanacaq: “Çünki Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinə siyasi və tarixi dərs vermişdi. Biz eyni prosesi Valday Beynəlxalq Diskussiya Klubunda və MDB dövlət başçılarının Aşqabadda keçirilən Zirvə Görüşündə də müşahidə etmişdik. Zaman və məkan fərqi olmadan görürük ki, Prezident İlham Əliyev müxtəlif platformalarda Ermənistanın işğalçılıq siyasətini daim konkret faktlarla ifşa etmişdi”.

Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda milli mübarizəsinin simvoluna çevrilmişdi: “Prezident İlham Əliyevin istər Valday Beynəlxalq Diskussiya Klubunda, istərsə də Münxen Təhlükəsizlik Konfransında çıxışları xalqımızın döyüş ruhunun dirçəldilməsində, vahid milli hədəf uğrunda mübarizə naminə birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsində müstəsna rol oynamışdı”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyev sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi və möhətəşəm qələbə tarixi yazdı. “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən Azərbaycan Prezidentinin dəmir məntiqi, milli birlik döyüş meydanında “dəmir yumruğa” çevrilərək xalqımıza tarixi Zəfər qazandırdı.